19 yanvar 2024 20:40
268

Azərbaycan və Somali arasında əməkdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycanxarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.

“İki sahil” XİN-dən verilən məlumata istinadən xəbər verir ki, görüş zamanı, Azərbaycan ilə sözügedən Təşkilat arasında əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi təqdir edilib, təbriklər çatdırılıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) prezidentliyi və ev sahibliyi barədə qərar alqışlanıb.

C.Bayramov, ölkəmizin bəşəriyyətə böyük təhdid yaradan nüvə silahlarının yayılmamasına nəzarət sahəsi üzrə Təşkilat ilə əməkdaşlığa əhəmiyyət verdiyini, habelə Təşkilatın nüvəsiz dünya baxışını dəstəklədiyimizi qeyd edib.

QH-ya üzv dövlətlərin öz növbəsində nüvə sınaqlarının məhdudlaşdırılması sahəsi üzrə regional və beynəlxalq səylərə verdiyi töhfənin vacibliyi diqqətə çatdırılıb.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat daxilində bir çox üzv dövlətlərin uzun müddət bir sıra dövlətlərin, xüsusilə də Fransanın kolonial siyasəti çərçivəsində nüvə sınaqlarının qurbanı olduqları, Fransanın nüvə sınaqlarının fəsadlarının aradan qaldırılmasından boyun qaçırdığını vurğuladıqlarını diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

********************************

19:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.