20 yanvar 2024 16:49
651

20 Yanvar - tariximizin qanlı yaddaşı

Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən otuz dörd il ötür. Xalqımızın haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi həmin gün Azərbaycanda müdhiş cinayətə əl atdı. Bakıda və respublikamızın regionlarında həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin üzvü Müşfiq Məmmədli söyləyib.

Deputat bildirdi ki, bu hadisə öz milli haqqı uğrunda ayağa qalxan xalqımızı öz yolundan döndərmədi, əksinə onu yumruq kimi birləşdirdi, daha sıx həmrəy etdi. Bu mənada tariximizə həm də milli qürur günü kimi həkk olunan 20 yanvar hadisələri azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının məğrurluğunu, vətənpərvərliyini dünyaya, o cümlədən o vaxtkı SSRİ rəhbərliyinə aydın şəkildə çatdıra bildı. Həmin gün baş verənlər Azərbaycan adlı bir dövlətin varlığını bir daha dünyaya bəyan etməklə yanaşı, həm də sovet imperiyasının çöküşündə əsas amillərdən biri oldu:

"Xalqımıza və insanlığa qarşı törədilən cinayət nəinki keçmiş sovet ittifaqında, o cümlədən bir çox ölkələrdə geniş əks-səda doğursa da, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçdilər. Çünki xalqımıza qarşı törədilənlərə laqeyd münasibətlərini ortaya qoyaraq sovet rəhbərliyinin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalqımız öz gələcəyini yalnız Azərbaycanın müstqilliyini bərpa etməsində gördü. Bu hadisədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi və tezliklə xalqımız dövlət müstəqilliyini bərpa etdi.

Sovet hakimiyyəti dövründə məlum səbəblərdən 20 yanvar faciəsinə əsil qiymətini vermək mümkün deyildi. Lakin ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə byöük cəsarətlə Naxçıvan Ali Məclisində 20 yanvar faciəsinə siyasi qiymətin verilməsinə nail oldu. Lakin ulu öndərin hələ totalitar rejimin dövründə başlatdığı bu işi müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar dövlət səviyyəsində davam etdirmədilər. Belə ki, hələ sovet dövründə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu, iqtidarda olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün cəhd belə göstərmədi. 1993-cü ilin yayına qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

1993-cü ildə xalqın istəyi ilə hakimiyyət sükanının arxasına keçən ulu öndər işlərinin çoxluğuna baxmayaraq 20 Yanvar faciəsinin günahkarlarının araşdırılmasına diqqət ayırdı. Heydər Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini xatirəsini hər zaman yüksək ehtiamla anır. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə“20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Həmçinin Şəhidlər Xiyabanında yüksək səviyyəsi təmir və yenidənqurma işləri aparılıb, paytaxıtn “20 Yanvar” dairəsində şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur", deputat qeyd etdi.