20 yanvar 2024 21:25
723

20 Yanvar hadisələri Litva mətbuatında

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Litvadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Litvanın geniş oxucu kütləsinə malik "Valstiečių laikraštis" qəzetinin (“Kəndli qəzeti”) elektron versiyasında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Jurnalistlər İttifaqının üzvü Mahir Həmzəyevin "Bakı - Vilnüs: Azadlığa gedən yolda taleyüklü Yanvar hadisələri" adlı tarixi essesi - mənsur rekviyemi dərc olunub (https://www.valstietis.lt/salyje/baku-vilnius-lemtingi-sausio-ivykiai-laisves-kelyje/131061).

“İki sahil” xəbər verir ki, məqalədə 1990-1991-ci illərdə Bakı və Vilnüsdə silahsız insanlara qarşı törədilmiş qırğınından 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan və Litva xalqlarının öz qanı və canı bahasına müstəqil dövlətlər qurmaq naminə apardıqları mübarizədən bəhs olunur.

Yazıda hər iki xalqın azadlıq və müstəqillik mübarizəsində tarixi xronologiyaya qısa ekskurs edilməklə, Bakı və Vilnüs hadisələri arasında oxşarlıqlar göstərilərək paralellər aparılır, qanlı hadisələrin vahid mərkəzdən idarə olunan ssenarilər əsasında törədildiyi bildirilir.

Daha sonra əsası XV əsrdə Ağqoyunlular (1468-1501) və Səfəvilər (1502-1736) dövlətləri ilə Böyük Litva Knyazlığı arasında qoyulan və 1918-1922-ci illərdə müstəqil Azərbaycan və Litva dövlətləri arasında uğurla davam edən münasibətlər qeyd olunmaqla iki ölkə arasında mövcud olan çoxəsrlik tarixi əlaqələrin müasir dövrdə iki dövlət arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığı, iki xalqın müstəqillik və azadlıq mücadiləsinin isə onları bir-birinə daha da yaxınlaşdıran əsas amil olduğu vurğulanır.

"Bakı - Vilnüs: Azadlığa gedən yolda taleyüklü Yanvar hadisələri" adlı tarixi essesi - mənsur rekviyem qəzetin 23-yanvar 2024-cü il tarixli kağız versiyasında da çap olunacağı gözlənilir.