Ötən il ictimai faydalı əməyə cəlb olunan məhkumların sayı artıb.
“İki sahil”in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov xidmətin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2023-cü il ərzində cəzaçəkmə müəssisələrində cinayətlərin, rejim pozuntularının sayı azalıb: "Daxili işlər və prokurorluq orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində 1997-ci ildə bir nəfərin, digər dövrlərdə 4 nəfərin qətlə yetirilməsi və 1 nəfərin həyatına sui-qəsd faktları ilə bağlı qalmış cinayətləri törətmiş şəxslər müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinərək barəsində axtarış elan edilmiş 1 nəfər saxlanılıb, 5 fakt üzrə Bakı şəhərinin ərazisində 21 kiloqramdan çox narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb".
O.Məmmədov bildirib ki, yeni yaradılmış istehsalat sahələrində ictimai faydalı əməyə cəlb olunan məhkumların sayında da artım müşahidə olunub. Bu sahədə görülmüş işlər, habelə aparılan fərdi tərbiyəvi tədbirlər nəticəsində məhkumlar tərəfindən dəymiş ziyanın ödənilməsi 2,4 dəfə artıb.
Rəis müavini vurğulayıb ki, ötən il 11 məhkumun müəssisənin hüdudlarından kənara qısamüddətli səfərə getməsinə şərait yaradılıb, Tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 7 məhkum isə müəssisənin hüdudlarından kənarda keçirilən mədəni-kütləvi tədbirlərə tamaşa etmək üçün şəhər gəzintisinə çıxarılıb.