Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycan parlament nümayəndə heyətinin hələ təsdiq edilməmiş səlahiyyətlərinin mübahisələndirilməsi” mövzusunda müzakirə sessiyanın üçüncü günü Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan, birtərəfli şəkildə müzakirəyə çıxarılıb.
“İki sahil” xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AZƏRTAC-a müsahibəsində həmin məruzə ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, son 10 ildə sessiyalarda davamlı olaraq Avropa Şurasının yaşadığı böhrandan danışılır, müzakirələr aparılır. Böhrandan qurtulmaq üçün müxtəlif islahatlar təklif edilir, hətta bəzi addımlar da atılır. Nəhayət, böhranın çıxılmaz olduğunu düşünərək, müəyyən qüvvələr bu təşkilatı birdəfəlik süquta uğratmaq qərarına gəlmişlər. Sübutu bu gün təqdim olunan məruzə, bu gün aparılan müzakirələrdir. Bu sənəd ardıcıllıqla bir üzv ölkəyə qarşı sistemli olaraq ədalətsiz, qərəzli, ikili standartlara əsaslanan münasibət bəsləməyin bariz örnəyidir.
“AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, reallıqlara, həqiqətlərə qara eynəkdən baxılır. Əlbəttə, bu çürük sənəddə əksini tapan hər bir müddəaya sübutlarla, dəlillərlə cavab vermək, əsassız arqumentlərin hər birini rədd etmək mümkündür. Lakin buna ehtiyac yoxdur. Qarşıdakı əsl həqiqəti görmək istəsə idi, bunu etməyə zərurət olardı və qarşıdakı izahlardan sonra yanlış olan mövqeyində dəyişiklik edərdi. İndiki situasiya büsbütün başqadır. Tapşırıq belə gəlib, Azərbaycana cəza vermək lazımdır. Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə üçün dəvət etməyib. Azərbaycan müşahidəçi kimi hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin 23 il müddətində həqiqi üzvü olduğu, buna qədər də daim seçki müşahidələri aparan komandalarını məmnuniyyətlə qəbul etdiyi Avropa Şurasından bu dəfə imtina edib. Avropa Şurası rəhbərliyi, buraya birbaşa təsir imkanları olan dairələr gərək əvvəl bu barədə düşünərdilər. Bunun səbəbini indiyə qədər Azərbaycana qarşı bu təşkilatda apardıqları qəbuledilməz siyasətdə axtarmalıdırlar”, - deyə R.Hüseynov vurğulayıb.
Qeyd edib ki, Azərbaycan Avropa Şurasında olduğu illəri səmərəli hesab edir. 2001-ci ildə bu təşkilata gəlmiş Ulu Öndər Heydər Əliyev nümayəndə heyətinə tövsiyə etmişdi ki, yolunuz nə qədər çətin olsa da, işləyin, Avropa demokratik dəyərlərini Azərbaycana gətirmək üçün töhfələrinizi verin və ən vacibi – bu mühüm tribunadan Azərbaycanın uğradığı işğalla bağlı həqiqətləri Avropaya və dünyaya çatdırın.
“Burada olduğumuz 23 il boyunca daim həmin müdrik tapşırıqlara əməl etdik. Bu gün artıq Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, öz ərazilərini işğaldan qurtarıb. Bu düyünü özü açıb. Avropa Şurası isə 20 il ərzində bu istiqamətdə, hörmətlə xatırladığımız Terri Devisin hazırladığı məşhur qətnamədən artıq heç nə etmədi. Bu gün Azərbaycanın qarşısında böyük üfüqlər vardır və onun səsini heç bir qüvvə ala bilməz. Güman edirəm ki, ən yaxın zamanlarda digər üzv ölkələr də artıq məkrli siyasətlərin oyuncağına çevrilmiş və ömrünü başa vurmaqda olan Avropa Şurasının həyatını süni şəkildə uzatmaq üçün vəsait ayırmağın bihudə olduğu barədə ciddi düşünəcəklər”, - deyə R.Hüseynov qurumun qüruba doğru getdiyini bildirib.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır