24 yanvar 2024 22:44
783

İndi əsl simalarını ortaya qoydular - AÇIQLAMA/ÖZƏL

AŞPA Azərbaycana qarşı ona görə belə danışır ki, dövlətimiz ərazi bütövlüyünü, suverenliyini əbədi olaraq təmin edib

AŞPA Azərbaycan nümayəndə heyətinin bu gün etimadnaməsini ratifikasiya etməkdən imtina edib. Bunun üçün əsassız iddialar ortaya atıb. Belə ki, guya Azərbaycan AŞPA qarşısında götürdüyü öhtəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Əslində reallıq başqa şeyi diktə edir. AŞPA Azərbaycana qarşı ona görə belə danışır ki, Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini əbədi olaraq təmin edib.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.

Azərbaycan dövləti heç bir halda özünə münasibətdə bu davranışı qəbul etmir

Deputat bildirib ki, bu reallıq görünür ki, bir çox avropalı parlementarilərin yuxusuna haram qatıb: “Bunlar Azərbaycana qarşı sinxron şəkildə təzyiq dilini işə salıblar. Bu qərəzli qərarla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın ilk növbədə öz prinsiplərinə zidd olan, biabrçı bir addım atdığı ifadə olunur. Demokratik inkişaf yolu seçmiş Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. Ancaq o zaman bizə cavab verilirdi ki, AŞPA bu kimi məsələlər üçün münasib platforma deyil. Bu məsələlərlə ATƏT məşğuldur. İndi isə əsl simalarını ortaya qoyurlar. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartların, milli-etnik zəmində nifrətin, təkəbbürün ifadəsidir. Azərbaycan dövləti heç bir halda özünə münasibətdə bu davranışı qəbul etmir. Eyni zamanda, bütün bu addımlar Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ərəfəsində atılır. Bununla da ölkəmizdə keçirilən demokratik seçki prosesinə təzyiq göstərmək istəyirlər. Bu isə Azərbaycanın daxili işinə qarışmaqdan başqa bir şey deyil. Əslində bu addımları ilə AŞPA öz kimliyini ortaya qoyur. Məlum olur ki, bu təşkilatın özü də daha böyük siyasi güclərin əlində alətə çevrilib, bu və ya digər dövləti hədəfə almaq üçün vasitə rolunu oynayır".

Proses vahid mərkəzdən idarə olunur

Elman Nəsirov bu xüsusda daha bir incə məqama diqqət çəkib. Belə ki, Qərbin bir sıra siyasi dairələri son zamanlarda Azərbaycana münasibətdə sinxron davranış ortaya qoyurlar, koordinasiya olunmuş fəaliyyət nümunəsi göstərirlər. Bir müddət əvvəl ABŞ Dövlət Departamenti səviyyəsində Azərbaycana qarşı bir təzyiqin şahidi olduq. Bu, dövlət katibinin köməkçisi səviyyəsində edildi. ABŞ Konqresindən də biz dəfələrlə analoji addımlara şahid olmuşuq. İndi isə "907-ci" maddənin fəaliyyətinin bərpası ilə bizi hədələyirlər. Fransa ənənəvi olaraq ermənipərəst siyasət həyata keçirir. Bu günlərdə yenidən Fransa Senatı anti-Azərbaycan qətnamə qəbul etdi. Avropa Parlamenti ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina edib. Eyni zamanda Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrell Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edir. Guya Azərbaycan Zəngəzur dəhlizi dedikdə əslində onu zəbt etmək istəyir kimi böhtan dolu dezinformasiyalar yayırlar və beynəlxalq ictimai fikrə sırımaq istəyirlər. Göründüyü kimi bütün bu proses vahid bir mərkəzdən idarə olunur və müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təzyiq göstərirlər. Ancaq bütün bu cəhdlərin heç bir mənası olmayacaq. Bizim üçün nə qədər AŞPA önəmli idisə, Azərbaycan ondan da artıq səviyyədə Avropa üçün önəmli bir tərəfdaşdır. Bu reallığı heç zaman unutmasınlar”.

Sayalı Abasova, “İki sahil”