28 fevral 2018 14:34
1711

Aqrar sektorda məşğulluq probleminin həllinə yeni töhfə

22 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanmışdır. Ölkəmizin makroiqtisadi təminatında qətiyyətli söz sahibi kimi muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm mərhələ başladan hüquqi mexanizmlərin məntiqi davamı olan bu tənzimləmə iqtisadiyyatın sahə strukturunun təşkilatlanması və məhsuldarlığnın artırılmasında hərəkətverici amil olacaq.

Aqrar sahənin inkişafı məqsədilə müvafiq infrastruktur potensialının yaradılması, heyvandarlığın inkişafı və bu sahə üzrə məhsuldarlığın artırılması müasir dövrün uğurlu nəticələrinə aiddir. Məhz nəzərdə tutulan əsas məqsəd isə bir sıra amillərlə yanaşı, müvafiq istiqamət üzrə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsinin vacibliyidir. Bunun üçün ölkə başçısı imzaladığı Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatının Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu məsələlər müasir iqtisadi şəraitdə ölkəmizdə məqsədyönlü və perspektivlərə söykənən tədbirlərin tərkib hissəsi kimi həyata keçirilməkdədir. Bu sahədəki proseslərin gedişi göstərir ki, ölkəmizdə müvafiq istiqamət üzrə müəyyən edilən tədbirlər inkişafyönümlüdür, ardıcıldır və bir-birini mahiyyətləndirməkdədir. Belə ki, hələ 19 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin bu sahə ilə bağlı, daha doğrusu, “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” hüquqi baza olacaq Sərəncamı da olmuşdur. Orada da əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilmişdir.

Müstəqillik illərində muxtar respublikada xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən bazar münasibətlərinə uyğun olaraq iqtisadi islahatların başladılması, xüsusi ilə ucqar Gal və Şurud kəndlərindəki islahatlar məhz heyvandarlıq sahəsindən başlamaqla, sonralar ölkəmiz miqyasında çevik şəkildə davam etdirilməyə başlandı. 1994-cü ildə böyük Heydər Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın Zaqatala və Xızı rayonlarında eksperimentlər aparılmış və istənilən nəticəyə nail olunmuşdur.

İslahatların başladılması ilə xüsusi mülkiyyətə sahib olma hüququ qazanan istifadəçilər torpaq üzərində fəaliyyətin səmərəli təşkilinə başlamış, bu sahədəki proseslərin düzgün istiqamətləndirilməsi nəticəsində çoxsahəli istiqamətlər üzrə təsərrüfatların qurulmasına nail olmuşlar. Həmin təsərrüfatlar müxtəlif ixtisaslaşmalar üzrə olmaqla, həm də heyvandarlıq sahəsində səmərəli fəaliyyətin də təmin edilməsini nəzərdə tuturdu. Məhz bu dövrdən başlayaraq muxtar respublikada heyvandarlığın yeni iqtisadi şəraitə və qanunlara xas inkişafı təmin edildi. Nəticədə isə Ümummilli Liderin müdrik fəaliyyəti nəticəsində Naxçıvandan başlanan islahatlar kənd adamlarının uğurlu fəaliyyətinin hərəkətverici qüvvəsinə çevrildi. Həmin baza əsasında da 1995-ci ildən etibarən muxtar respublikada bazar münasibətləri əsasında heyvandarlığın inkişafında yeni mərhələnin təməli qoyuldu. Azərbaycan dövlətinin və onun makroiqtisadi hədəflərinin ən məhsuldar dövrü kimi 1995-ci ildən daha da zənginləşdirilən bu tədbirlər davamlı, ardıcıl və perspektivli nəticələrlə müşayiət edilməyə başlandı.

Göründüyü kimi, muxtar respublikada təsərrüfatların inkişafına dövlət dəstəyinin göstərilməsi, sağlam iqtisadi fəaliyyət mühitinin dayanıqlığına təkan vermiş və bu, özünü əsas məşğulluq sahələrindən olan heyvandarlığın dinamik inkişafı ilə ifadə etməkdədir. Təhlillər nəticəsində aydın olur ki, 1995-2017-ci illər arasında iribuynuzlu mal-qaranın artım göstəriciləri üzrə 2 dəfədən çox artım əldə edilmişdir. Eyni hesablamanı qoyun və keçilər üzrə aparanda 2,4 dəfədən çox artım olduğu görünür.

Məqsədyönlü tədbirlərin həyata keçirilməsi muxtar respublikada ərzaq təhlükəsizliyinin qorunmasına etibarlı təminat yaratmış və bu, keyfiyyətli heyvandarlıq məhsullarının istehsalı və istifadəsini stimullaşdırmışdır. Təkcə ötən 2017-ci ildə muxtar respublikada 14378 ton kəsilmiş çəkidə ət, 82857,3 ton süd, 1033,5 ton fiziki çəkidə yun istehsal edilmişdir. Bu göstəricilər bir tərəfdən müvafiq sahə üzrə səmərəli fəaliyyətin mövcudluğunu ifadə edirsə, digər tərəfdən bu fəaliyyət üçün yaradılmış sağlam iqtisadi mühiti və dövlətin stimullaşdırıcı tədbirlərinin əhəmiyyətini sübut edir. Təbii ki, bunlar aqrar siyasətin və bu sahədəki məşğulluq təminatının güclü mexanizmlərlə təşkilini də ifadə etməkdədir.

Artıq davamlı, səmərəli və çoxşaxəli iqtisadi quruculuq mərhələlərinin başlandığı Naxçıvan Muxtar Respublikası 2000-ci ildən yalnız inkişafı hədəfləyən sosial-iqtisadi proseslərin vəhdətini təmin edə bilmişdir. Təhlillər göstərir ki, 2017 - 2000-ci illər arasında ət istehsalı (kəsilmiş çəkidə) 2,8 dəfə, süd və yun istehsalı (fiziki çəkidə) isə 2 dəfə artmışdır.

Nəzərə alsaq ki, Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və “Aqroferma”ların yaradılmasının dəstəklənməsi məsələləri öz əksini tapmışdır, onda həyata keçirilən tədbirlərin məqsədyönlü və uzaq gələcək üçün nəzərdə tutulduğunu qeyd etmək yerinə düşər.

Beləliklə, Naxçıvan Muxtar Respublikası dövlətin səmərəli iqtisadi siyasətindən bəhrələnməklə qeyri-neft sektorunun inkişafı məqsədlərinə qətiyyətlə töhfə verməkdədir. Heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər ümumilikdə iqtisadi sahədəki islahatların davamlılığını göstərməklə yanaşı, həm də ölkənin sosial siyasətinin dayanıqlığına istiqamətlənib.

? Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent