30 mart 2026 19:19
103

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə bu gün Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) işə başlayıb.

“İki sahil” xəbər verir ki, martın 30-dan aprelin 1-dək davam edəcək konfrans və sərgi Şimali Afrika və Aralıq dənizi regionunda enerji sahəsinin nüfuzlu platforması hesab olunur.

“EGYPS 2026” çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, enerji ilə bağlı innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin liderləri iştirak edirlər. Azərbaycanı tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi” şüarı altında keçirilən tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sərgidə 500-dən çox, o cümlədən 51 yerli və beynəlxalq enerji şirkəti iştirak edir. Eyni zamanda, hökumət qurumlarını, beynəlxalq təşkilatları və iri enerji şirkətlərini təmsil edən 350-dən çox spikerin çıxışı nəzərdə tutulur.

Bundan əlavə, sərgi çərçivəsində 13 müxtəlif ölkənin milli pavilyonu təşkil olunub ki, bu da çoxtərəfli əməkdaşlıq və investisiya tərəfdaşlıqları üçün geniş imkanlar yaradır.