01 mart 2018 23:03
1340

İri şəhərlərdə dizellə işləyən avtomobillərə qadağa qoyulur

Almaniyanın Leyspiq məhkəməsi ölkə şəhərlərinin rəhbərliklərinin sərbəst şəkildə, havanın çirklənməsinin qarşısının alınması məqsədilə dizellə işləyən avtomobillərin hərəkətinə qadağa qoymasına icazə verib. Bu qadağanın qoyulmasında konkret olaraq, ölkənin iki şəhəri-Ştutqart və Düsseldorf qərarlıdır.

Ümumilikdə, ekologiyanın və havanın təmizliyinin naminə avtomobillərlə mübarizə aparmağa hazır olan təkcə alman şəhərləri deyil. Hazırda dünyanın müxtəlif şəhərlərində havanın daha da təmiz olması üçün səylər gücləndirilib.

Norveç, Oslo

Norveçin paytaxtı Oslonun rəhbərliyi də 2019-cu ildən şəhərin mərkəzində avtomobillərdən qurtulmağı planlaşdırır.

Sonradan isə ümumi ölkədə dizel və qazla işləyən avtomobillərin istifadəsinə qadağa qoyulması nəzərdə tutulub.

Qeyd edək ki, Norveç paytaxtı şəhər nəqliyyatının inkişafına ən çox sərmayə yatıran şəhərlərdəndir.

Şəhərdaxili uzun velosiped zolaqlarının salınması planlaşdırılır.

İspaniya, Madrid

İspaniyanın paytaxt şəhəri Madridin mərkəzində avtomobillərin hərəkətinin 2020-ci ildən qadağan edilməsi planlaşdırılır. Bundan əlavə, şəhərin 24 ən çox yüklənmiş küçəsinin dizaynının dəyişdirilməsi və daha çox piyadaların hərəkətinə uyğunlaşdırılması nəzərdə tutulub. Madriddə yaxın gələcəkdə gündəlik avtomobildən istifadə səviyyəsinin 29 %-dən 23%-ə salınması hədəfə alınıb.

Bu qanunu pozan sürücülər 100 dollar məbləğində cərimə ödəməli olacaqlar. Avtomobilləri havanı daha çox çirkləndirən şəxslərdə isə cərimənin məbləği daha yüksək olacaq.

Çin, Çendu

Çinin yeni salınmış yaşayış rayonu olan Çendunun dizaynını Çikaqo arxitektorları hazırlayıblar. Şəhər elə qurulub ki, orada avtomobildən istifadə etməmək, hər yerə piyada getmək olar. 15 dəqiqəyə istənilən obyektə çatmaq mümkündür. Çendunun küçələrinin bəzilərində avtomobil yolları salınsa da, şəhərdə 2020-ci ilə qədər avtomobildən istifadənin qadağan olunması planlaşdırılır.

Danimarka, Kopenhagen

2035-ci ilə qədər Kopenhagenin ərazisinin 40%-ni əhatə edən “yaşıl zona” yaradılacaq. Bura parklar, oyun meydançaları və s. daxil olacaq.

Hazırda Kopenhagenin əhalisinin yarısı işə hər gün velosipedlə gedir. Bu onun nəticəsidir ki, şəhər rəhbərliyi hələ 1960-cı illərdən başlayaraq, şəhərdaxili piyada zonaları yaratmağa başlamışdı.

Danimarkanın paytaxtı öz velosiped yollarının uzunluğu ilə (322 km) fəxr edə bilər.

Bu ölkə Avropada avtomobildən ən az istifadə edilən ölkə hesab edilir.

Fransa, Paris

2014-cü ildə Parisdə bir günlük qoşa nömrəli avtomobillərin hərəkəti qadağan edildi. Həmin gün şəhərin çirklənmə səviyyəsinin 30 % aşağı düşdüyü qeydə alınmışdı.

Hazırda Parisdə avtomobillərin şəhər mərkəzinə daxil olmasını qadağan etmək istəyirlər.

 2016-cı ildə 1997-ci ildən əvvəl istehsal edilmiş maşınların iş günləri  şəhər mərkəzinə girişi qadağan edilmişdi.

Paris meri 2020-ci ilə qədər velosiped yollarının iki dəfə artırılmasını nəzərdə tutuduqlarını açıqlayıb.

Kolumbiya, Boqota

Kolumbiyanın paytaxtında 1974-cü ildən bəri hər həftədə bir gün təxminən 120 kilometrlik yol bağlanılır. Bu tədbiri “Ciclovia” adlandırırlar. Ölkədə velosiped yolları sistemi yaxşı vəziyyətdədir.

2013-cü ildən isə şəhər administrasiyası “Pico y Placa” adlandırılan qanun qəbul etdi və pik saatlarda şəhərdə avtomobillərə xüsusi qadağalar qoyulması qanunla təsdiq edildi.

ABŞ, Nyu-York

Nyu-Yorkda avtomobillərin istifadəsinin qadağan edilməsi nəzərdə tutulmasa da, şəhərdə piyada zonaları, velosiped yolları daim genişləndirilir.

Hər il avqust ayında şəhərdə “Summer Streets” adlı tədbir həyata keçirilir, Mərkəzi Parkla Bruklin körpüsünü birləşdirən iri yollarda avtomobillərin istifadəsinə qadağa qoyulur.