30 yanvar 2024 02:16
1519

Təmiz ətraf mühit və yaşıl artım ölkəsi

Azərbaycan ərazisində 5 milyon ağac əkiləcək

Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Həmçinin ölkə miqyasında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr həyata keçiriləcək. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub. Ağacların 3 milyonuna yaxınını Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü əkəcək. Ağaclar meşə təsərrüfatlarımızda, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək. 2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərinin və digər icra orqanlarının üzərindədir. Sərəncamda da qeyd edildiyi kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Görülən işər həm də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

Təsadüfi deyil ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edib. Bugünümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu sahədə əməkdaşlığın qurulması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz bu sahədə də zəngin potensiala malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar diqqət mərkəzindədir.

Yaranan ekoloji çağırışlar ənənəvi enerji istehsalı və istehlakından bərpaolunan enerjiyə transformasiyanın aktuallığını artırıb. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd etmək yerinə düşər ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir. Xüsusilə istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəfi ölkəmizin ekoloji sağlamlıq strategiyasına böyük önəm verdiyinin təsdiqidir.

Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. Ötən ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bütün bunlar Azərbaycanın öz planlarını gerçəkləşdirmək yolunda inamla irəlilədiyini təsdiqləyir.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi  bu sahəyə verdiyi töhfələrin,  malik olduğu təcrübənin təqdimatında öz sözünü deyəcək. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi təşəbbüsləri, atdığı addımları   beynəlxalq dəstək qazanan dövlətimizin başçısı İlham Əliyevin məsələyə necə diqqət göstərdiyini nümayiş etdirir. Əsas çağırış budur ki, birgə səylərin göstərilməsi vacibdir. Bu inam beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək. Bir daha sübut olunacaq ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır.

Nigar Orucova, “İki sahil”