10 fevral 2024 11:12
286

Prezident İlham Əliyev Si Cinpini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpini təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrik məktubunda qeyd edilib:

Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm.

Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram.