13 fevral 2024 11:46
502

Ermənistan üçün nəticəsi qat-qat ağır olacaq - Fazil Mustafa/EKSKLÜZİV

Artıq bir neçə aydır ki, dövlət sərhəddində sakitlik hökm sürürdü. Lakin ötən gün Ermənistan sərhəddə təxribata cəhd göstərdi. Belə ki, şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə snayperlə atəş açıldı. Ermənistanın birdən-birə bu addımı atmasının arxasında nə dayanır? Nəyə görə bu təxribatlara bölgədəki Aİ missiyası hələ də susur? Ermənistanın bu addımları qarşıdakı günlərdə hansı proseslərin baş verməsinə gətirib çıxara bilər? ABŞ və Fransa isə Ermənistanda mövcudluqlarını saxlamaqla vəziyyəti gərginləşdirməyə davam edirlər. Bütün bu baş verən hadisələr sülh prosesinə ciddi zərbədir.

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu təxribatlarına artıq alışmışıq:

“Amma bu təxribatdan yekunu həmişə Ermənistanın bəlli bir səviyyədə bir zərbə alması ilə nəticələnir. Biz əslində, bunun üzərində düşünməliyik və Ermənistana xatırlatmalıyıq ki, bu cür təxribatların sonucu bizim uğurumuzdur. Ona görə də, onlar bu addımları müəyyən dərəcədə nəzarət altına almalıdırlar.  Həmçinin, Azərbaycanı yenidən hansısa bir formada dəmir yumurğa əl atmağa məcbur etməməlidirlər. Çünki bununla Ermənistanın hansı vəziyyətlə üzləşəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Ona görə də, bu məsələdə Ermənistana mesajımızı ciddi şəkildə çatdırmalıyıq. Çünki bu, ərköyünlük əvvəlki illərdə Ermənistana necə baha başa gəldisə, indi ondan da qat-qat ağır nəticələri olacaq. Bu baxımdan təxribatlar Azərbaycana bir şey etməz. Amma baş verənlər narahatçılıq yaradırsa, biz narahatçılıq yaradan bütün vasitələri müəyyən dərəcədə zərərsizləşdirməyə gücü yetən səviyyədəyik. Bizimlə bu formada hansısa bir zarafat etmək Ermənistanın xeyrinə olmayacaq”.

Sayalı Abasova, “İki sahil”