13 fevral 2024 13:29
649

Snayperçi ora təxribat törətmək üçün başqa ərazidən gətirilib - HƏRBİ EKSPERT

Ermənistanın hərbi-siyasi rəhbərliyinin sərtləşən ritorikası, Aİ-nin bölgədə aktivliyi hansısa təxribatın olacağını istisna etmirdi

Ermənistanın tərəfinin snayper vasitəsilə sərhəddə etdiyi son təxribat nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanmasında təəccüblü heç nə yoxdur. Çünki prinsip cəhətdən biz bu təxribatı gözləyirdik. 

Bu sözləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Aİ Zəngəzur dəhlizinə müəyyən nəzarət mexanizmi əldə etmək istəyir

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan üç ildir sülh desə də, Ermənistan bundan qaçıb: “Sülh müqaviləsinə obyektiv şəkildə mane olan amillər yoxdur sadəcə erməni hərbi-siyasi rəhbərlərin subyektiv yanaşması və onların havadarları tərəfindən Ermənistanın idarə edilməsi və bunun nəticəsində də sülh müqaviləsini bağlanmaqdan indiyədək qaçması onu göstərir ki, biz prinsip cəhətdən Ermənistanla hələ də müharibə şəraitində qalmışıq. O cümlədən, sərhəddə delimitasiya və demarkasiya məsələsində heç bir irəliş yoxdur. Bütün baş verənlər onu göstərir ki, Avropa İttifaqı Ermənistanı yeni təxribatlara sürükləyir və bölgədə münaqişənin yenidən alovlanması üçün maraqlı tərəf kimi çıxış edir. Bu gün də Fransa lisenziyası ilə Hindistanda istehsal olunmuş silahların Ermənistana gətirilməsi və ölkənin bu formada sürətlə silahlandırılması onu göstərir ki, Ermənistan vasitəsilə aparılan bu işlər Cənubi Qafqazdakı təhlükəsiz vəziyyəti pozmaq məqsədi daşıyır. Bilirik ki, burada çox böyük işlər gedir və çox böyük perspektivli logistik tədbirləri reallaşdırılır. Sabitliyi təmin etmək üçün 3+3 formatı da təşkil olunub. Ancaq Qərb özünü kənarda qalmış hesab edir və Aİ burada şəxsi maraqlarını təmin etmək istəyir, Zəngəzur dəhlizində müəyyən nəzarət mexanizmini əldə etmək istəyir. Bütün bunlar isə Aİ-nin Ermənistan hərbi-siyasi rəhbərliyinə təsirindən istifadə edərək konstruktiv mövqe tutmasına mane olduğunu göstərir. Aİ razılaşdırılmış şəkildə sərhədə iki ay ərzində təxminən 50 nəfərə qədər müşahidəçi göndərdi. Ancaq sonra heç bir əsas olmadan Zəngilan istiqamətində bu müşahidəçilərin sayını mütəmmədi olaraq artırıldı. Artıq onların sayının 200 nəfərdən yuxarı olduğu bildirilir. Paşinyanın ritorikası da demək olar ki, sərtləşir, dəyişir. Bəzi səfirliklər o istiqamətdə insanların getməməsi ilə bağlı məlumatlar yayırlar. Ermənistanın özündə də həmin ərazilərdən guya insanların köçdüyü ilə bağlı məlumatlar yayırlar”.

Dəmir yumruq daim hazır vəziyyətdədir

Ekspert Azərbaycan Ordusunun, DSX-nın şərti sərhəddə ayıq-sayıqlığını yüksək səviyyədə saxlayaraq, lazım olan əlavə tədbirləri də yerinə yetirirdiyini vurğulayıb: “Bu təxribatın prinsip cəhətdən ola biləcəyi haqqında hərbi ekspertlər də artıq öz fikirlərini dəfələrlə söyləmişdilər. Ermənistanın hərbi-siyasi rəhbərliyinin tutduğu yol, Aİ-nin buradakı aktivliyi hansısa təxribatın olacağını istisna etmirdi. Dünən günorta saatlarında Ermənistanın mövqelərinə snayperçi gətirilir. Hərəkətlərindən heç də o, orada xidmət edən snayperçiyə oxşamır. Oradakı mövqe belə heç snayperçiyə ayrılmış yer deyildi. Snayperçinin oradan durub çıxıb getməsi də onu göstərir ki, o əraziyə hardansa gətirilib. Təxribatın törədilməsinin məqsədi vəziyyəti gərginləşdirmək, bölgədə yenidən münaqişə ocağı yaratmaqdır. Həmişə olduğu kimi Azərbaycan heç bir təxribatı cəzalandırılmamış qoymur və bu gün də DSX hərbçiləri tərəfindən əsgərimizə snayper atəşi açılan post darmadağın edilib. Eyni zamanda erməni tərəfindən itkilərin olduğu haqda da məlumatlar var. Bir sözlə, Azərbaycan öz dəmir yumruğunu daim hazır vəziyyətdə saxlayır”. 

Sayalı Abasova, “İki sahil”