"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) martın 17-dən Bakıdan Londonun Qetvik Hava Limanına həyata keçirəcəyi yeni reyslər üçün bileti satışına başlayıb.
“İki sahil” AZAL-a istinadən xəbər verir ki, yeni reyslərlə Azərbaycan paytaxtından Böyük Britaniya paytaxtına həftəlik uçuşların sayı 6-ya çatacaq.
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.
Videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edir. Burada diplomatın Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyi, “Boeing Dreamliner 787” təyyarəsinə mindiyi və pilot kabinəsinə baş çəkdiyi əks olunur.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə altı reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, — deyə səfir bildirib.
Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.