17 fevral 2024 14:12
728

Uğursuz, ömrünü başa vuran Minsk qrupu: Faydasız turist səfərləri, yeyib-içmək məclisləri, mənasız bəyanatlar...

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Görüşdə dövlətimizin başçısı ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini vurğulayıb. 

Ermənistanın əlində bir alətə çevrilmişdilər

Qeyd edək ki, Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı dəfərlə məsələ qaldırb. Hətta  çıxışlarının birində “Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”, - deyən Prezident İlham Əliyev bildirmişdi  ki,  bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən,  öz təxribatlarından əl çəkməyən  Ermənistanın əlində bir alətə çevrilən ATƏT-in Minsk qrupu bu müddət ərzində yalnız hayların mənafeyini müdafiə edən bəyanatlar verməklə kifayətləndi. Minsk qrupu Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədərkən, dinc əhalini qətlə yetirərkən, yaşayış məntəqələrini atəşə tutarkən faydasız səfərlərlə, mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işini bitmiş hesab etdi. Hətta bu müddətdə həmin qrup Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkarı öz adı ilə çağırmağa özündə cəsarət tapmadı, yəni işğalçı ölkəyə “gözün üstə qaşın var” demədi.

Keçmiş münaqişənin nizamlanmasını yox, onun dondurulması üçün dəridən-qabıqdan çıxdı. Azərbaycanın haqlı çağırışlarına göz yummaqla işğalı “qanuniləşdirmək”, status-kvonun qorunub  saxlanılması siyasəti yeritdi. Bununla da münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi. Bir sözlə, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəliklərə əməl edə bilmədi. Halbuki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvalə olunduğu yeganə qurum, yəni ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər (ABŞ, Fransa, Rusiya) münaqişədə kimin haqlı olduğunu çox yaxşı bilirdilər. Şübhəsiz, rəsmi Bakı bu haqsızlıqla barışa bilməzdi və barışmadı da. Daha doğrusu, suveren Azərbaycan öz torpağında qanunsuz xunta rejiminin mövcudluğuna dözmədi. Odur ki, Azərbaycan xalqının həmrəyliyi, ordusunun əzmkarlığı sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına ildən-ilə uzanan bu problemi hərbi-siyasi yolla təkbaşına həll etmək məcburiyyətində qaldı. Və müəyyən problemlərlə üzləşsə də  heç bir vasitəçi olmadan beynəlxalq hüquq normaları çərçivəsindəs erməni işğalına son qoydu,  suverenliyini və ərazi bütövlüyünü ədaləti formada bərpa etdi. Xatırladaq ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikini onların təşübbüsləri ilə qəbul edərkən bu problemin həllində Minsk qrupunun heç bir rolu olmadığını da vurğulamışdı 

Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac yoxdur

2022-ci ilin iyun ayında keçirilən Bakə Qlobal Forumunda  cıxış edərkən dövlətimizin başçısı  bir daha bu məsələdən söz açarkən demişdi: “Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”. Bütün bunlarla bir daha diqqətə çatdırdı ki, Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac yoxdur. Ümumiyyətlə,  bu gün görünən odur ki, bu kimi problemlərin həllində heç bir vasitəçiyə ehtiyac duyulmur.  Bu mənada Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır. 

Bu, bir həqiqətdir ki, Azərbaycan öz möhtəşəm Zəfər salnaməsi ilə  Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb. Təəssüf ki, bu yeni dövrün bölgədə sülh və tərəqqi ilə müşayiət olunmasına yenə Qərb, xüsusilə Minsk qrupunun üç həmsədrindən biri olan Fransa mane olur. Sanki həmin Minsk qrupundakı uğursuz həmsədrlik institutu indi fərqli formatda xort¬layaraq əvvəlki mövqe və maraqlardan çıxış edir. Bu yerdə deyiblər də, utanmasan, oynamağa nə var ki.

Bu məqamda dövlətimizin başçısı İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqindəki bu fikirləri xatırlatmaq yerinə düşərdi: “Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. 

Bu gün Azərbaycan üçün həlli önəmli olan məsələlər işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması, Böyük qayıdış prosesinin sürətləndirilməsi, regionda sülh və təhlükəsizliyin təmin olunmasıdır. Rəsmi Bakı bu problemlərin də öhdəsindən gəlməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”