20 fevral 2018 14:20
1823

“Cənub Qaz Dəhlizi” dünyanın enerji xəritəsini dəyişdirəcək

Dünya ictimaiyyətinin diqqəti yenidən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının keçirildiyi Azərbaycana yönəlib

Enerji bazarında ən çox dəstəklənən, alternativ enerji mənbəyi sayılan “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və inşası davam etdirilən TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu məsələlər ətrafında aparılan maraqlı müzakirələrə həsr olunan iclasda iştirak edən tərəfdaş ölkələrin nümayəndələri bir daha  qlobal layihələrin təşəbbüskarı olan Azərbaycanın enerji diplomatiyasını dəstəklədilər.

Məşvərət Şurasının dünən Heydər Əliyev Mərkəzində keçirilən iclasında çıxış edərək “Cənub Qaz Dəhlizi”ni XXI əsrin möcüzəsi adlandıran Prezident İlham Əliyev layihənin əhəmiyyəti, tikintisi ilə bağlı görülən işlərdən bəhs edərək bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır: “Cənub Qaz Dəhlizi” bizim ölkə üçün bir çox mənfəətlərə yol açdı. Azərbaycan öz resurslarını insan kapitalının inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldib.”

İclasda “Cənub Qaz Dəhlizi”nin strateji əhəmiyətini diqqətə çatdıran Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse- prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç dünyanın enerji xəritəsini dəyişdirəcək layihənin qitə dövlətləri üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir: “Avropa İnvestisiya Bankı (AİB) tərəfindən bu layihənin maliyyələşdirilməsinə ayrılan vəsait həmin bankın tarixində tək bir layihəyə ayrılan ən yüksək məbləğ olub”.

Xatırladaq ki, cari il fevralın 6-da AİB Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro həcmində kreditin ayrılmasını təsdiq edib.

“Cənub Qaz Dəhlizi” layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MİGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib.

Bir sıra dövlətlərin əlaqədar qurumlarının rəsmilərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Məşvərət Şurasının əvvəlki iclaslarında da “Cənub Qaz Dəhlizi”nin beynəlxalq və transmilli əhəmiyyətindən danışılmışdır. Qeyd olunmuşdur ki,  Azərbaycanın enerji layihələrinin şaxələndirilməsi tövsiyələrinə uyğun inşa olunan “Cənub Qaz Dəhlizi” ölkəmizin təşəbbüsü ilə həyata keçirilən ən böyük layihə olmaqla Avropa ölkələrinin enerji təminatı imkanlarını artıracaq, qaz tədarükü mənbələrinin şaxələndirilməsinə, yeni alternativ marşrutlardan istifadəyə şərait yaradacaq. Bildirildi ki, enerji təhlükəsizliyinin təminatında xüsusi əhəmiyyəti ilə seçilən bu layihənin strateji əhəmiyyəti, ölkələrarası qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsindəki rolu daha böyükdür. 

Bu layihənin əhəmiyyətini bütün çıxışlarında diqqətə çatdıran cənab İlham Əliyevin açıqlamalarında qeyd olunduğu kimi, “Cənub Qaz Dəhlizi”nin inşası plana uyğun, uğurla davam etdirilir: “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, “Cənub Qaz Dəhlizi” reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlğı ilə fərqənən, etibarlı tərəfdaş ölkədir. Beynəlxalq etimadı vədinə sadiqliyi ilə qazanan ölkəmizin neft strategiyasının tətbiqi ilə əldə etdiyi uğurları şərtləndirən amil çəkilən zəhmət, göstərilən qətiyyət, Azərbaycanın siyasi, iqtisadi, diplomatiya sahəsində əldə etdiyi nailiyyətlərdir. Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi dəyərləndirilən uğurlara aparan yol isə o qədər də asan olmamışdır.

2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən qaz boru kəmərinin açılışı oldu. 2011-ci ildə şaxələndirməni stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. 2012-ci ildə TANAP - Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi Saziş imzalandı. Sonra sərmayədarlar “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna aid yekun qərar üzərində razılığa gəldilər. 2014-cü ildə “Cənub Qaz Dəhlizi” ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2016-cı il isə TAP layihəsinin təməlqoyma mərasimi kimi tarixə yazıldı. 2018-ci ildə isə dostluq və qardaşlıq xətti olan TANAP-ın inşasının başa çatdırılması planlaşdırılır. Enerji təhlükəsizliyinin ölkələrin iqtisadiyyatının inkişafına göstərdiyi təsiri və dövlətlərin xarici əlaqələrinin, regional əməkdaşlığın güclənməsindəki rolunu düzgün qiymətləndirənlər bildirirlər ki, “Cənub” Qaz Dəhlizi” siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edən töhfədir.

“Cənub Qaz Dəhlizi”nin reallaşması Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ, Cənubi Qafqazda davamlı sülhün qorunması üçün göstərilən səylərin davamıdır. Bəllidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri vardır.

Əvvəlki enerji layihələrinə siyasi, mənəvi dəstək göstərən, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsinə yardım edən ABŞ-ın layihənin reallaşmasındakı rolu və xidmətləri də çox əhəmiyyətlidir.

Layihəyə əhatəli dəstəyi yüksək dəyərləndirən Prezident İlham Əliyev eyni zamanda vurğulayır ki, strateji əhəmiyyətinə görə fərqlənən “Cənub Qaz Dəhlizi”nin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi Azərbaycanla rəsmi Vaşinqton və Avropa Komissiyasının əməkdaşlığının əbədilik simvoludur.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən dördüncü iclasında iştirak edən ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionla görüşündə Birləşmiş Ştatların bu tədbirdə yüksək səviyyədə təmsil olunmasını layihənin icrası baxımından önəmli olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev qlobal neft-qaz, nəqliyyat layihələrinin reallaşmasında ABŞ-ın ölkəmizə dəyişməyən mövqeyini yüksək qiymətləndirmiş, inşa işlərinin cədvələ uyğun davam etdirilməsini layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səyinin nəticəsi kimi dəyərləndirmişdir. Dövlət başçımız Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonla görüşündə də qeyd olunmuşdur ki, “Cənub” Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir.

Bütün görüşlərdə diqqəti cəlb edən ən əhəmiyyətli məqam isə 40 milyard dollardan artıq vəsait sərf olunan, Avropanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi”nin” qarşıdakı on illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək enerji təhlükəsizliyi ilə bağlı deyilən sözlərdir. Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan TANAP, TAP layihələri “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ kimi dünya enerji bazarında  müzakirə olunan məsələ kimi aktuallığını saxlayır, neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini şərtləndirir. Azərbaycan qazına artan tələbatdan yaranan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP kimi layihələr Prezident İlham Əliyevin qətiyyətinin ifadəsi, Azərbaycanın tranzit ölkəyə çevrilməsi siyasətinin bəhrəsidir. Bu layihələr imkan verəcək ki, Azərbaycan qaz potensialını Avropaya maksimum dərəcədə nəql etsin, investor kimi də mövqelərini möhkəmləndirsin, çoxşaxəli icrac potensialını genişləndirsin.

Göründüyü kimi, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantıları dünya dövlətlərinin ölkəmizə maraq və diqqətini artıran, iştirakçılarının sambalına görə də fərqlənən  mühüm tədbirlərdəndir. Bu görüşlərdə təkliflər öyrənilir, təhlil edilir, gələcək fəaliyyət üçün birgə proqramlar, icra mexanizmi, maliyyə mənbələri müəyyənləşdirilir. Şuranın ötən iclasında “Əminəm ki, gələn ilin əvvəlində keçiriləcək dördüncü Şuranın iclasında biz artıq yeni uğurlar haqqında danışacağıq” söyləyən Prezident İlham Əliyev kimi başqaları da bildirirlər ki, ölkələrin milli təhlükəsizlik məsələsi ilə eyni səviyyədə dəyərləndirilən enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın təşəbbüsləri önəmlidir. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır.

Ən önəmlisi isə odur ki, “Cənub Qaz Dəhlizi”ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycanın zəngin təbii sərvətləri, özünü doğruldan enerji diplomatiyası, birgə tərəfdaşlığa, regionda, qitədə əmin-amanlığın  bərqərar olmasına çalışan, sülh tərəfdarı olduğunu əməli ilə sübut edən iradəli, cənab İlham Əliyev kimi Prezidenti vardır.

Xuraman İsmayılqızı, “İki sahil”