19 fevral 2024 12:14
535

ATƏT-in keçmişin qalıqları olan bir sıra mexanizmlərin rəsmi qaydada ləğvi qaçılmazdır - Soltan Məmmədov

44 günlük müharibəyə qədər aparılmış danışıqlar prosesinin nəticə verməməsi, vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətini nəzərə alsaq, bu cür mexanizmlərin işlək olmadığını görürük

"Bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Qarabağ münaqişəsi artıq başa çatıb və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçilik missiyasına ehtiyac duyulmur".

Bu fikirləri "İki sahil" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşündə söylədiyi fikirlər regionda yaranmış yeni reallıqlara, eyni zamanda keçmişin təcrübəsinə əsaslanır. Çünki ATƏT çərçivəsində vaxtilə yaradılmış mexanizmlər Qarabağ münaqişəsinin həllində heç bir effektiv təsirə malik olmayıb: "Azərbaycan münaqişəni özü həll etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Məhz buna görə də cənab Prezidentin qeyd etdiyi kimi, keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsi qaçılmazdır".

S.Məmmədov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesində üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac yoxdur. Çünki müzakirə olunmalı bütün məsələlər ikitərəfli xarakter daşıyır: "Azərbaycanın bu məsələ barədə mövqeyi kifayət qədər aydın, konkret və dəqiqdir. Ötən illərin təcrübəsi, xüsusilə də 44 günlük müharibəyə qədər aparılmış danışıqlar prosesinin nəticə verməməsi, vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətini nəzərə alsaq, bu cür mexanizmlərin işlək olmadığını görürük. Ötən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının verdiyi birgə açıqlama da təsdiq edir ki, bir çox məsələlərin ikitərəfli formatda müzakirəsi daha yaxşı effekt verə bilər".

Millət vəkili qeyd edib ki, ATƏT-in və digər beynəlxalq təşkilatların, eləcə də bəzi dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini gündəmdə saxlamaq cəhdləri ümumilikdə Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə vermir: "Cənab Prezident andiçmə mərasimindəki nitqində xüsusi olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Hesab edirəm ki, bu beynəlxalq ictimaiyyətə verilmiş aydın bir mesajdır. İki ölkə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirmək əzmini bəyan edib. Ona görə də vasitəçilik barədə təşəbbüslər mənasızdır, eyni zamanda indiyə qədər bu məqsədlə yaradılmış mexanizmlərin ləğv edilməsinin də vaxtı çatıb".

Yaqut Ağaşahqızı, “İki sahil”