19 fevral 2024 20:45
424

Keçmişin qalığı olan Minsk qrupu ləğv olunmalıdır - AÇIQLAMA/ÖZƏL

ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyadır. Uğursuz Minsk qrupu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsi olaraq Qarabağ məsələsinə guya son qoymaq üçün 28 il ərzində bu regiona turist qrupu kimi gəlib getdi. Azərbaycan ictimaiyyəti ədalətli mövqedən çıxış edərək Minsk qrupunun bu uğursuz missiyasını qəbul etmədi, onların bu uğursuz fəaliyyəti pislənildi, buna qəti etiraz edildi. Dəfələrlə bu barədə bəyanatlar verilib, münasibət bildirilib. Hətta Azərbaycan ictimaiyyəti, o cümlədən QHT-lər bildiriblər ki, Minsk qrupu qeyri-obyektiv olaraq Qarabağ məsələsini işğalçı Ermənistanın xeyrinə həll etmək istəyirdi. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

O, qeyd edib ki, bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqlı olaraq məsələ qaldırdı ki, keçmişin qalığı olan Minsk qrupu ləğv olunmalıdır. Bu, çox ciddi bir məsələdir. Çünki əgər hər hansı bir beynəlxalq təşkilat, beynəlxalq missiya ölkədə heç bir inam və etimada malik deyilsə, eyni zamanda onların 28 illik fəaliyyətinin bir nəticəsi olmayısa, Azərbaycan BMT-nin qətnamələrini özü icra etmək məcburiyyətində qalıbsa, belə bir quruma nə ehtiyac var? 

Rauf Zeyni bildirib ki, bu halda belə bir yararsız qurumun fəaliyyətini davam etdirməsi heç bir hüquqi çərçivəyə sığmır. Onlar artıq hədəf olaraq bundan sonra nə üçün fəaliyyət göstərməlidirlər? Ona görə də Azərbaycan ictimaiyyəti uğursuz Minsk qrupunun ləğv edilməsi məsələsini dəstəkləyir.

Cavid Əkbər, "İki sahil"