20 fevral 2024 16:12
385

Azərbaycan və Türkiyə yeni hədəflər uğrunda çiyin-çiyinə çalışacaqlar - AÇIQLAMA/ÖZƏL

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Səfər çərçivəsində mətbuata verilən bəyənatlar, ikitərəfli və çoxtərəfli görüşlər, bir sıra sahələrdə vacib müqavilələrin imzalanması bir daha onu göstərir ki, Türkiyənin ən yaxın partnyoru və strateji mütəfiqi Azərbaycandır. Eyni zamanda da, Azərbaycanın ən yaxın tərəfdaşı və strateji müttəfiqi Türkiyədir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev deyib. 

O bildirib ki, əlbəttə biz belə görüşlərdən həmişə yeniliklər gözləyirik. Bu yeniliklər həm cənab Prezidentin, həm də Türkiyə Prezidentinin bəyənatlarında səsləndi. Biz sülh uğrunda, dünyada təhlükəsizlik uğrunda yenə də əl-ələ, çiyin-çiyinə çalışacağıq, səylərimizi daha da gücləndirəcəyik. Türk dövlətləri birliyini gücləndirəcəyik. 

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü iyul ayında Şuşada keçiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada dövlət başçısı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirdi. Bununla da Türk dövlətləri ailəsinin daha genişlənəcəyinin mesajını verdi. Artıq Şimali Kipr Türk Cümhuriyyəti də sözügedən görüşə qatılacaqdır. Hesab edirəm ki, bu görüş də Şimali Kiprin bir dövlət kimi tanınması üçün bir vəsilə olacaqdır” - deyə deputat qeyd edib.

Günel Cəlilova, "İki sahil"