20 fevral 2024 17:15
653

Azərbaycan və Türkiyə regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar - RƏY

Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən "Bir millət, iki dövlət" milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri bu birliyin bariz nümunəsidir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”