21 fevral 2024 12:50
413

Azərbaycan artıq güc mərkəzi kimi qəbul olunan ölkələr sırasındadır - Fazil Mustafa/EKSKLÜZİV

Azərbaycan dünya təhlükəsizlik sistemində, ATƏT-in özünün belə islahatlar prosesinə cəlb olunması ilə bağlı təkliflərdə nə qədər sərbəst, müstəqil və güclü olduğunu göstərir

Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın mövqeyinin nə dərəcədə əhəmiyyətli və təsir gücünə sahib olduğu ortaya çıxdı. Ona görə də, bu kimi məsələlərdə hansısa bir şəkildə neqativ şeylər yaratmağa çalışanlar həmişə pərt vəziyyətinə düşürlər. Seçkidən öncə seçki baş tutmayacaq, Avropa buna başqa cür rəy verəcək deyənlər bu kimi məsələlərdə də eyni yanaşmanı sərgiləyirlər. Bunlar hamısı gülüş doğuran məsələlərdir. 

Bu sözləri “İki sahil”ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, artıq Azərbaycanın reallıqlarını və dünyada gücünü qiymətləndirməyi bacarmadıqlarına görə hər dəfə bu məsələdə xeyli geri düşürlər:
“Dedikləri proqnozların heç biri də doğrulmur. Ona görə də, Azərbaycan öz yoluna davam edir. Münhen Təhlükəsizlik Konfransında da əslində müəyyən güc sahibi olan ölkələr kimi Azərbaycanda mövqe ifadə etdi. Bu da bizim həm də gücümüzü göstərən əsas amillərdən biridir. Bu baxımdan belə açıqlamaların heç bir mənası yoxdur. Azərbaycan həm də dünya təhlükəsizlik sistemində, ATƏT-in özünün belə islahatlar prosesinə cəlb olunması ilə bağlı təkliflərdə nə qədər sərbəst, müstəqil və güclü olduğunu göstərir. Prezident İlham Əliyevin də orada keçirdiyi görüşləri, bu görüşlərin səviyyəsi onu göstərir ki, Azərbaycan nəinki təcrid olunub əksinə, bir güc mərkəzi kimi daha çox qəbul olunan bir mövqeyə gəlib çıxıb. Xüsusilə də, Qarabağda qələbədən sonra artıq Azərbaycanın nüfuzu da Avropa və dünya məkanında xeyli artmış olub”.

Sayalı Abasova, “İki sahil”