Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Xocalı: unutsaq unudularıq” adlı anım tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının (GAMİ) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə GAMİ-nin Marneuli və Qardabanidən olan idarə heyətinin üzvləri, müəllimlər və məktəblilər iştirak ediblər.
Tədbirə Xocalıda həlak olan dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra GAMİ-nin idarə heyətinin üzvü, Marneuli rayonu Təzəkənd kəndinin 1 saylı ictimai məktəbinin müəllimi Adilə Alıqızı Xocalı faciəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
O, bu cür hadisələrin Gürcüstanın Abxaziya bölgəsində də dinc insanlara qarşı törədildiyini diqqətə çatdırıb. Bildirib ki, bu faciələrlə bağlı tarixi faktlar gənc nəsil tərəfindən də unudulmamalıdır. Çünki unutsaq unudularıq.
İttifaqın idarə heyətinin üzvü, Qardabani rayonu Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.
Tədbir zamanı məktəblilər və gənclər Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeirlər söyləyiblər.