22 fevral 2024 14:09
595

Şad olan ruhlar

1992 – ci ilin qarlı şaxtalı  qışında fevralın 25 – dən 26 – na keçən gecə erməni işğalçıları tərəfindən xalqımıza qarşı bəşər tarixinin, insanlığın ən dəhşətli,  ən ağır terror aktı, soyqırımı  Xocalı faciəsi  törədilmişdir.Bu soyqırım ermənilərin özlərinin  də etiraf etdiyi  kimi xüsusi qəddarlıq və amansızlığın göstəricisi olaraq  yaddaşlara  həkk olundu. Xocalı  şəhəri həm müdafiə, həm də hücum baxımından Qarabağın vacib strateji nöqtəsi hesab  edildiyindən düşmən üçün  işğalı böyük əhəmiyyət kəsb  edirdi.

Azərbaycanın qədimliyi, səfalı təbiəti, nadir mədəniyyət  və incəsənət inciləri ilə zəngin diyarı olan Qarabağ  tarix boyu  bədnam qonşularımızın  xəyalı, arzusu  olmuşdur. Bu məqsədlə ötən əsrin 90 – cı illərindən başlayaraq ölkədə olan siyasi boşluqdan istifadə edən sərhəd qonşumuz  Ermənistan Azərbaycana qarşı elan olunmamış işğalçılıq  müharibəsi başladı. Nəticədə həm siyasi güc, həm də hərbi hazırlıq cəhətdən hər hansı bir müharibəyə hazır olmayan Azərbaycanla baş tutan qeyri bərabər döyüşlərdə bir sıra rayon və kəndlərimiz, işğal altına düşdü.

Bu dəfə növbə Xocalıya çatmışdı. Əvvəlcədən əldə olunmuş atəşkəs razılığını pozan düşmən o dövrdə Sovet  Rusiyasının qalığı 366 – cı motoatıcı alayı ilə birlikdə fevralın 25 – dən 26 – na keçən gecə şəhər əhalisinin şirin yuxuya getdiyi vaxt qəfil hücuma keçdi. Müdafiəsiz insanlar o soyuq qış gecəsində məcburən Xocalının sıx meşələrinə üz tutaraq xilas olmağa çalışdılar. Lakin hər tərəfdən mühasirəyə alınan Xocalı və xocalılar üçün xilas yolu qalmamışdı. O gecə yüzlərlə körpə əbədi olaraq susdu. Gələcək arzular, ümidlər donmuş buz parçasına çevrildi.Gəlinə, qıza, qocaya, cavana baxılmadan hamıya divan tutuldu.İnsanların ah naləsi göylərə ucaldı. Bir sözlə, zülm ərşə dirəndi. Bu gün də o dəhşətli gecənin canlı şahidləri olan Xocalı sakinləri həmin faciəni göz yaşları, ürək ağrısı, dərin kədərlə xatırlayırlar.

Düz 28 il Xocalı, işğal altında qaldı. 28 il Xocalı, o cümlədən Qarabağ torpaqlarında düşmən murdar ayaq izlərilə, pis  nəfəsilə at oynatdı.Həmin gecə Xocalıda həlak olan şəhidlərin narahat ruhları qisaslarının alınacağı günü gözlədilər. Bu illər ərzində xalqımız Ümummilli Lider Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin  ətrafında birləşib həm madii, həm də hərbi cəhətdən möhkəmlənərək qisas  gününə hazırlaşdı. Nəhayət həmin gün yetişdi. Belə bir deyim var: Qisas qiyamətə qalmaz. Biz də qisasımızı qiyamətə saxlamadıq.

27 sentyabr 2020-ci il Azərbaycan Xalqının Şanlı Tarix səhifələrinin ilk sətirləri kimi qızıl hərflərlə yazıldı. Ali Baş Komandanımız İlham Əliyevin göstərişi ilə ordumuz tərəfindən  başladılan əkshücum əməliyyatları 44 gün ərzində işğal olunmuş  tarixi torpaqlarımızı, doğma, əziz Qarabağımızı düşməndən azad olundu. Prezidentimiz, Qalib Sərkərdə cənab İlham Əliyevin öz sözləri ilə desək: “Biz Xocalının qisasını döyüş meydanında aldıq.”

Ədalət düz 30 ildən sonra tamamilə bərpa olundu. Bir vaxtlar bələkdə, analarının qoynunda Xocalını, Qarabağı tərk edən körpələr indi dəmir yumruq kimi ölkə başçısının, ətrafında birləşərək yüksək iradə göstərməklə, ürəklərində düşmənə qarşı sonsuz nifrət, Vətənə qarşı isə sonsuz məhəbbətlə erməni qəsbkarlarını torpaqlarımızdan iti qovan kimi qovdular. Artıq Xocalı şəhidlərinin ruhu şad və rahatdır.

Bu gün düşmən tapdağından azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda yenidən quruculuq işləri aparılır.Yenidən Xocalıda işıqlar yanacaq, gülüş səsləri gələcək. İllərlə həsrətini çəkdiyimiz bizim üçün ibadətgaha çevrilən Qarabağımıza öz dədə baba yurdlarını, əliboş gözyaşları ilə tərk edən insanlar, bu diyarın əzəli və əbədi sakinləri sevinə - sevinə, toy bayramla geri dönürlər.

Torpaq, əgər uğurunda ölən varsa Vətəndir. Biz torpaqlarımızı şəhidlərin  qanı  ilə Vətən etdik və bu vətəni göz bəbəyi kimi qoruyub  bütöv şəkildə gələcək nəsillərə ötürmək hər bir azərbaycanlılının müqəddəs borcudur. Çünki hər qarışı igid oğullarımızın qanı ilə sulanan Vətən torpağı bizə ulu babalarımızın əmanətidir.

Gülnar İsayeva,

YAP Yevlax rayon təşkilatının fəalı