22 fevral 2024 22:26
503

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması cənab Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur. Bu barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər həyata keçirilir. Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır.

2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan Qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb. Onu da qeyd edək ki, ermənilərin işğalçılıq siyasətinə və haqsız ərazi iddiasına qarşı çıxan insanların, ölkələrin sayı artıb. Fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Baltikyanı ölkələrdə, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə törədilmiş soyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir. Kitabda faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə aid faktlar təqdim edilir, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətsizliyi beynəlxalq hüquqi əsaslarla izah olunur.

Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çiləndi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.

Ayna Novruzova,
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri