Fransa müdafiə naziri Sebastyan Lekornu İrəvana səfər edib və erməni həmkarı Suren Papikyanla görüşüb. Tarixdə ilk dəfədir ki, Fransanın hansısa müdafiə naziri Ermənistana səfərə gəlib. Papikyanla Lekornu İrəvanda yeni əməkdaşlıq də sazişləri imzalayıb. Həmçinin, nazir Lekornu Fransanın Ermənistanda daimi hərbi müşavirinin olacağını da bildirib.
Ermənistanın müdafiə naziri Suren Papikyan Sebastyan Lekornu ilə görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı bildirib ki, ölkəsi Fransadan silah almağa davam edəcək. Papikyan qeyd edib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq, Ermənistan Fransadan silah almağa davam edəcək. Erməni nazir onu da vurğulayıb ki, ölkəsi ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir: “Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır”.
Fransanın Ermənistana verdiyi hərbi-siyasi dəstək Azərbaycanla Ermənistan arasındakı mövcud güc balansına heç bir şəkildə təsir etməyəcək
Məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan öz siyasi-hərbi prioritetlər vektorunu tez-tez dəyişən az saylı ölkələrdən biridir: “Fransanın Ermənistana verdiyi hərbi-siyasi dəstək Azərbaycanla Ermənistan arasındakı mövcud güc balansına heç bir şəkildə təsir etməyəcək. Əgər Ermənistan Fransadan binokl və radiolokasiya stansiyası alırsa, Azərbaycan da Pakistandan JF- 17 C Blok III qırıcı təyyarələrini, Serbiyadan uzaqmənzilli özüyeriyən artilleriya qurğularını, Türkiyədən “Bayraqdar” sinfinə aid olan bütün PUA assartimentini, xüsusilə də qanadlı və ballistik raketlər daşıyan “Akıncı” PUA-larını artıq əldə edib. Belə olan halda Ermənistanın silahlandırılması Fransanın Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətindən xəbər verir. Belə niyyət sonda Ermənistana böyük fəlakətlər vəd edir”.
Sayalı Abasova, “İki sahil”