23 fevral 2024 23:47
944

Soyqırımına məruz qalan tarixi-mədəni irsimiz - Qərbi Azərbaycan

Ermənistan qanunverici orqanının qərarları ilə zaman-zaman azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və ya erməniləşdirilib

1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq SSRİ dövlətinin himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər.1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildikdən sonra tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.

Zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistanın rəhbərləri ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıblar. Qədim Azərbaycan şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsi də məhz bu çirkin niyyətlərin qurbanı olub. Bütün bunlar “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanı və onun nəticələrini əks etdirən kitabda öz əksini tapıb. Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb. Təbii ki, İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib. Mütəxəssislərin bildirdiyinə görə, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb. Eyni zamanda, hazırda bir çox tikinti şirkətləri Təpəbaşı ərazisində inşaat aparmaqdadır. Mütəxəssislərin dediyinə görə, Təpəbaşı məhəlləsinin özünəməxsus obrazı keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradılıb.

Hazırda Qərbi Azərbaycandakı maddi-mədəni irsimizlə bağlı beynəlxalq səviyyədə ciddi təbliğat işləri aparılır. Belə ki, 2023-cü il 27 mart tarixində Qərbi Azərbaycan İcmasının UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktubda deyilir ki, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması insanlığa sığmayan cinayətdir. İcma üzvləri mədəni irsin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərmələrini xahiş edir. Məktubda o da bildirilir ki, Azərbaycanın mədəni irsini planlaşdırılmış şəkildə məhv edən Ermənistan hökumətinin məqsədi monoetnik və təkmədəniyyətli məkan yaratmaq olmuşdur.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin beynəxalq müstəvidə təbliği, dünyaya tanıdılması istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.

Zahid Rza, “İki sahil”