15 fevral 2018 23:06
1949

Qeyri-adi patentlər

Tarixə çoxsaylı dahi ixtiraçıların adları bəllidir: Arximed, Nikola Tesla, Leonardo Da Vinçi, Tomas Edison, Aleksandr Qrehem Bell və s. Yeni texnologiyaların və avadanlıqların yaradılması bu insanların həyatda başlıca məqsədləri olmuşdur.

Zamanla, istehsalda digər insanların ixtiralarından istifadə edənlərin həmin ixtiraçıya bunun əvəzində vəsait ödəməsi kimi bir qayda tətbiq edilməyə başlanıldı. Patent qanununun ilk dəfə tətbiqi isə XV əsrdə Venesiyada meydana çıxdı və sonrakı əsrlərdə müəllif hüquqlarının qorunması üsulu əhəmiyyətli dərəcədə vacib hesab edilirdi.

Dərin araşdırmalara baxmayaraq, bu sahədə müntəzəm olaraq gözlənilməz vəziyyətlər və hadisələr baş verir. Aşağıda onlardan bəziləri ilə tanış ola bilərsiniz:

1. Qordon Qould özünün ixtira etdiyi lazer və bir sıra digər texnologiyaları patentləşdirmək üçün 38 il vaxt sərf etmişdir. Lakin onun məhkəmə işləri illərdir ki, bitməyib, çünki sonradan o öz patentlərini pozan çoxsaylı şirkətlərlə mübarizə aparmaq məcburiyyətində qaldı.

2 . 1963-cü ildə “Sears” şirkəti 10 min dollara müxtəlif mexanizmlər (tornavidalar, açarlar) üçün dilçək-çarx istehsal edərək patent aldı. Bu ixtiranı başqa şəxs etsə də, onlar ixtiraçını yeni icadının çox faydasız olduğuna inandıraraq, özləri 44 milyon dollar qazanmışdılar.

3. Bəzən isə elə ixtiraçılar olur ki, xüsusilə tibb sahəsində bəzi həyati əhəmiyyətli dərmanları bütün təbəqənin insanları üçün əlçatan etməkdən ötrü patentləşdirmirlər. 1955-ci ildə Conas Salk poliomyelitə qarşı olan vaksininə patent almaqdan imtina etdi. Halbuki, bu patent ona yeddi milyard dollar gəlir gətirə bilərdi.

4. Eynilə, insulinin ixtiraçıları öz kəşflərini patentləşdirmədilər. Onlar bu dərman vasitəsindən şəkərli diabetdən əziyyət çəkən bütün insanların yararlanması üçün belə etmişdilər.

5. Əksinə olan hallar da baş vermişdir. Belə ki, 2013-cü ildə məşhur aktrisa Ancelina Colinin süd vəzi əməliyyatı keçirməsi ilə bağlı xəbər ictimaiyyətdə yayıldı. Bir neçə aydan sonra bunun müəyyən xərçəng növlərinin müalicəsi üçün bir milyard dollarlıq bazar hədəfləyən “Myriad Genetics”in möhtəşəm bir PR kampaniyası olduğu məlum oldu. Bir neçə il bundan əvvəl, Myriad Genetics, BRCA1 və BRCA2 genlərini patentləşdirməyə başlamışdı, bu  xərçəngin bəzi  növlərinin erkən aşkarlanmasına və vaxtında tədbir görülməsinə şəait yaradırdı. Lakin 2013-cü ilin yayında ABŞ Ali Məhkəməsi genlərin patent hüququnu ləğv etdi və şirkəti potensial bir inhisardan məhrum etməyi qərara aldı.

7. WD-40 məişətdə geniş istifadə olunan ən tanınmış təmizləyici sürtkü maddəsidir. Kompozisiyanın yaradıcısı onun tərkibinin gizli qalması üçün ixtirasını patentləşdirməkdən imtina etmişdi. Bu günə qədər bu maddənin dəqiq analoqu və əvəzləyicisi mövcud deyil.

8. Hazırda Hollivud dünya kinosunun mərkəzi hesab edilir. Bu statusa yiyələnməsinə görə, Hollivud XX əsrin əvvəllərində patent məhdudiyyətlərindən qaçıb orada məskən salan kinematoqraflara borcludur. Belə ki, həmin vaxt kinematoqrafiya prosesinin əksəriyyəti Nyu-Cersidə Tomas Edison tərəfindən patentləşdirilmişdi və Kaliforniya məhkəməsi bu sahədə müstəqil qərarlar qəbul edirdi.

9. Yarızarafat da olsa, belə bir əfsanə var ki, yanğınsöndürən kranın patentinin sahibi özü yanğında yanıb, buna görə də onun yaradıcısının kim olduğu bəlli deyil.

10. Mikrodalğalı sobanın iş prinsipini Persi Spenser adlı şəxs İkinci Dünya müharibəsi zamanı təsadüf nəticəsində kəşf edib. Güclü bir maqnitronun qarşısında durarkən o, cibindəki şokoladın əridiyinin şahidi olub. Sonradan o, qidanın belə isidilməsi üsulunu patentlışdirdi.

11. 9-cu əsrdə Fransa patentləşdirilmiş fotoqrafik texnologiyanı, müstəmləkəçilik qarşıdurması üzündən gərgin münasibətləri olan Britaniyadan başqa, bütün ölkələrə tətbiq etməyə icazə verdi.

12. ABŞ prezidenti olmuş Abraham Linkoln - çuxuru qumla qaldırmaq üçün bir qurğunun patentinə sahibdir.

13. Amerikalı siyasətçi Ben Franklin bir sıra qiymətli ixtiralara imza atıb, lakin onları patentləşdirməkdən imtina edib. O, insanlara yeni texnologiyalar bəxş etməklə işlərini asanlaşdırmağı çox zövqlü və sevindirici hesab edirdi.

14. Patent büroları son dərəcə yüksək bürokratiya və mübahisələri ilə tanınır. Tez-tez orada absurd patentlərin verilməsi halları olur. Məsələn, bir dəfə “Halliburton” şirkəti patentləşdirmə prosesinin özünü patentləşdirmək istəsə də, buna müvəffəq ola bilməmişdi.

15. XXI əsrdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş “Wi-Fi”ın əslində avstraliyalı bir aktrisa tərəfindən icad edildiyini bilirsiniz? Aktrisa Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların günümüzdə istifadə etdiyimiz “Wi-Fi”, CDMA və “Bluetooth” kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir. Ancaq rabitə sisteminə böyük töhfələr verən Hedi bu kəşfindən bir qəpik də olsun qazana bilməyib.

Nubar  Süleymanova, “İki sahil”