26 fevral 2024 12:24
1019

Azərbaycan qlobal ekosistemin qorunmasına qayğı göstərən ölkə kimi iddialı hədəflər ortaya qoyur - COP29 TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVÜ

Pərvanə Vəliyeva: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin daha bir qlobal təşəbbüsü dəstəkləməsi və bununla da dünya ölkələri arasında nüfuzunun daha da artması deməkdir

Dünyada multikulturalizmin təşviqinə böyük önəm verən və bu istiqamətdə özünün nümunəsini ortaya qoyan Azərbaycan son illərdə  nüfuzlu beynəlxalq tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Azərbaycan 2024-cü ildə dünyanın ən böyük beynəlxalq konfransı olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a ev sahibliyi edəcək. 

Qeyd etmək yerinə düşər ki, COP29-a evsahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

"Yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu günədək ölkəmizdə bir çox tədbir keçirilsə də, COP29 bu vaxta qədər keçirilən tədbirlərlə müqayisəyə gəlmir. Çünki COP29 ərəfəsində 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı növbəti dəfə dünyanın diqqətini çəkəcək. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Digər tərəfdən, vaxt da o qədər çox deyil. Ona görə də Prezident İlham Əliyev dərhal bütün hazırlıq işlərinə start verməsi üçün tapşırıq verib. COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisi

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi iləTəşkilat Komitəsi yaradılıb. Fevralın 22-də isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi genişləndirilib. Əlbəttə ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir.  

COP29 Təşkilat Komitəsinin tərkibində 44% qadınların təmsil olunması Azərbaycanın iqlim dəyişikliyi üzrə danışıqlarda qadınların rolu və töhfəsinə verdiyi önəmdən irəli gəlir  

Bu da Təşkilat Komitəsinin tərkibinin bir qədər də genişləndirilməsini şərtləndirib. Sərəncama nəzər yetirdikdə aydın şəkildə görünür ki, Təşkilat Komitəsində gender balansı tam təmin olunub ki, bu da Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisidir. Ümumiyyətlə isə bu sahədə dünyada vətəndaş cəmiyyəti çox aktivdir, ona görə Təşkilat Komitəsinə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Bu işə onlar da öz töhfələrini verəcəklər. COP29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, Təşkilat Komitəsində iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar.  Göründüyü kimi, hazırlıq prosesində Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. 

Sağlamlığa Xidmət” İctimai birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında bildirdi ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.  COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. 2015-ci ildə isə Fransanın paytaxtı Paris şəhərində dünya liderləri COP21 çərçivəsində razılaşma imzaladılar. Paris Razılaşması qlobal temperatur artımını 2°C-dən çox aşağı səviyyədə məhdudlaşdırmağı, eyni zamanda onu 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün mövcud və mümkün səyləri davam etdirməyi hədəfləyir. 

Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyevanın sözlərinə görə, COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi o mesajı verir ki, bu ölkələr də öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır və ətraf mühit məsələlərinə həssas yanaşırlar. 

Ölkəmizin artan nüfuzunun göstəricisi

“Sağlamlığa Xidmət” İctimai birliyinin direktoru diqqətə çatdırdı ki, BMT-in ən mötəbər tədbirlərindən birinin Azərbaycanda keçirilməsi ölkəmizin daha bir qlobal təşəbbüsü dəstəkləməsi və bununla da, dünya ölkələri arasında nüfuzunun daha da artması deməkdir: “Son illər dünyada beynəlxalq təşəbbüslərin lideri olaraq tanınan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir.COP29 həm də qlobal məsələlərin müzakirə olunması, bu istiqamətdə qərarların qəbul olunması baxımından əhəmiyyətlidir. Konfransda müzakirə olunacaq məsələlər bir ölkənin deyil, bütün dünyanın problemi kimi xarakterizə olunur. Ona görə qlobal sahədə əldə edilən nəticələr ölkələrin bundan faydalanmasına imkan verəcək. Bu fürsətdən təkcə inkişaf etmiş deyil, həm də inkişaf etməkdə olan ölkələr də yararlanacaq. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğu üçün Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya sübut edəcək.  Bugünədək keçirilən COP tədbirləri içərisində ən çox yaddaqalan Birləşmiş Ərəb Əmirliklərinə COP28 tədbirindən sonra Azərbaycanın bu missiyanı davam etdirməsi həqiqətən də məsuliyyəti daha da artırır. Dünya dövlətləri ilə iqlim maliyyəsinin artırılması, yeni və daha güclü öhdəliklərin götürülməsi ilə bağlı danışıqlar prosesini aparmaq Azərbaycana həvalə olunub və bu da, kifayət qədər məsuliyyətli işdir.”

Qalıq yanacaqlardan təmiz enerjiyə keçmək yaşıl iqtisadiyyata keçid deməkdir 

Həmsöhbətimiz  vurğuladı ki, bu ilki BMT-nin iqlim gündəmində əsas və ən mübahisəli məsələ iqlim dəyişikliyinə həssas ölkələrə iqlim tədbirlərini sürətləndirməyə kömək etmək üçün 2025-ci ildən sonra da davam edəcək yeni maliyyə məqsədi ilə bağlı razılaşmadır. Yeni maliyyə hədəfini əldə etmək çətin olacaq və ən yüksək səviyyəli danışıqları tələb edəcək. BƏƏ, Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya 1,5 dərəcə Selsi temperatur həddinə çatmaq üçün COP28-dən COP30-a qədər beynəlxalq əməkdaşlığa təkan vermək üçün “üçlük” (Troyka) yaratdılar. Qalıq yanacaqlardan təmiz enerjiyə keçmək yaşıl iqtisadiyyata keçid deməkdir. 

Hədəfimiz istixana qazlarının emissiyasının 2030-cu ilədək 35% azaldılmasıdır

Pərvanə Vəliyeva qeyd etdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkə olaraq regionun, eləcə də planetin ekosisteminin qorunmasına qayğı göstərən ölkədir və məsuliyyəti dərk edir. Azərbaycan ətraf mühitin dayanıqlılığı sahəsində, yaşıl enerjiyə keçid sahəsində islahatları ildən-ilə genişləndirir. COP29-a ev sahibliyi də böyük bir fürsət oldu ki, daha iddialı hədəflər ortaya qoyaraq dünya ölkələri arasında öncülüyümüzü, islahatçı və tərəqqiyə yönəli olduğumuzu bir daha sübut edə bilək. Azərbaycanda yaşıl iqtisadiyyata keçidin təməli hələ 21-ci əsrin əvvəllərində qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən ayrılan investisiya, xüsusi diqqətlə başlamışdı. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir və ölkəmiz günəş və külək kimi təbii mənbələrdən enerji istehsalını ildən-ildə artırmağa davam edir. Milli müəyyən edilmiş töhfələr üzrə hədəfimiz 1990-cı illə müqayisədə istixana qazlarının emissiyasının 2030-cu ilədək 35% azaldılmasıdır. İnanıram ki, Azərbaycan bundan da artığına nail ola biləcək potensiala malikdir. Elmin və texnologiyaların inkişafı nəticəsində karbon emissiyasının azaldılmasına daha sürətli nail olmaq mümkündür. 

Azərbaycan növbəti ev sahibi ölkələr üçün nümunə olacaq

Təşkilat Komitəsinin üzvü bildirdi ki, qadınların iqlim dəyişikliyi danışıqlarında rolunun vacibliyi hər zaman BMT tərəfindən vurğulanır. Burada həmişə icma, hüquqlar və gender bərabərliyi prioritet məsələ olmuşdur. Analar, qadınların cəmiyyətdə, ailədə rolu həmişə qoruyucu, məsuliyyəti böyük və qayğıkeş obrazda olmuşdur. Ona görə məhz ətraf mühitə qayğı göstərmək məsələsində də qadınların müstəsna rolu var. Bu səbəbdən iqlim danışıqlarında qadınların həssas yanaşmasına ehtiyac duyulur. COP29 Təşkilat Komitəsinin tərkibində 44% qadınların təmsil olunması Azərbaycanın iqlim dəyişikliyi üzrə danışıqlarda qadınların rolu və töhfəsinə verdiyi önəmdən irəli gəlir. 
Həmsöhbətimiz əlavə etdi ki, Bakının ev sahibliyi edəcəyi bu mötəbər tədbirdən sonra da Azərbaycan ətraf mühit məsələləri üzrə dünya gündəmində uzun müddət qalacaq və növbəti ev sahibi ölkələr üçün nümunə olacaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”