14 mart 2026 17:00
99

Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir

İqlim dəyişikliyi müasir dövrün ən mühüm qlobal çağırışlarından biridir və bu prosesdə gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır.

COP prosesi çərçivəsində hökumətlərlə yanaşı, biznes, investorlar, vətəndaş cəmiyyəti və gənclər də iqlim fəaliyyətinin mühüm iştirakçılarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən brifinqdə deyib.

Samed Ağırbaş qeyd edib ki, yüksəksəviyyəli iqlim çempionlarının əsas vəzifələrindən biri də Paris Sazişinin məqsədlərinin real fəaliyyətə çevrilməsi üçün qeyri-dövlət aktorları ilə əməkdaşlığı gücləndirməkdir.

S.Ağırbaş vurğulayıb ki, dünyada artıq təmiz enerji, dayanıqlı şəhərlər, kənd təsərrüfatında innovasiyalar və dairəvi iqtisadiyyat sahələrində mühüm təşəbbüslər həyata keçirilir. “Bizim vəzifəmiz bu təşəbbüsləri bir araya gətirmək, genişləndirmək və iqlim sahəsində ambisiyaları real nəticələrə çevirməkdir”, – deyə Samed Ağırbaş bildirib.

COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu qeyd edib ki, sıfır tullantı və dairəvi iqtisadiyyat onun əsas prioritetləri sırasındadır. Onun sözlərinə görə, qida və su itkilərinin azaldılması, resurslardan səmərəli istifadə və sıfır karbonla sıfır tullantı yanaşmalarının birləşdirilməsi dayanıqlı və ədalətli keçid üçün vacibdir.

S.Ağırbaş bildirib ki, gənclər artıq iqlim fəaliyyətində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində gənclər iqlim startapları yaradır, “yaşıl” iş yerlərində çalışır, yeni texnologiyalar hazırlayır və daha güclü iqlim siyasətlərinin formalaşmasına töhfə verirlər.

Samed Ağırbaş əlavə edib ki, universitetlər və təhsil müəssisələri də bərpaolunan enerji, dayanıqlılıq və tullantıların idarə olunması kimi sahələr üzrə yeni nəsli hazırlayır.

S.Ağırbaş, həmçinin COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq təcrübəsini xatırladaraq bildirib ki, “Zero Waste Foundation” Heydər Əliyev Fondu ilə birgə müxtəlif tədbirlər təşkil edib.

“İqlim fəaliyyəti yalnız beynəlxalq konfranslarda qəbul edilən qərarlarla məhdudlaşmır. Bu proses universitetlərdə, startaplarda, icmalarda və şəhərlərdə formalaşır. Bu dəyişikliklərə rəhbərlik edəcək insanların çoxu isə məhz bu gün auditoriyalarda əyləşən gənclərdir”, – deyə COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu vurğulayıb.