26 fevral 2024 17:20
392

Xocalı faciəsi qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı - Ceyhun Məmmədov

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. 1993-cü ilə kimi Xocalı soyqrımına siyasi qiymət verilmədi. Xocalıya siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. 1994-cü ildə sağ qalan, o müdhiş gecənin fəlakətindən qurtaran insanlarla görüşərək onların bütün problemlərinin həllini dövlətin üzərinə götürdü. Hər il 26 fevral gününü Milli Matəm Günü elan etdi. Dünya dövlətlərinə müraciət etdi. Azərbaycanlıların XX əsrdə soyqırıma, deportasiyaya məruz qalması ilə bağlı fərmanlar verdi. Bu fərmanlarda bir daha göstərilirdi ki, xalqımızın başına gələn müsibətləri unutmaq olmaz. 

“İki sahil” xəbər verir ki, bu fikirləri İkisahil.TV-nin qonağı olan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib

Deputat qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da aktivləşdirib. Belə ki, bu kampaniya çərçivəsində dəhşətli faktlar beynəlxalq ictimaiyyətə çatdırılıb. Milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Bu günə qədər 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Ceyhun Məmmədov qeyd edib ki, əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaqlar.

Şəmsiyyə Əliqızı, “İki sahil”