Makron üçün bəşəri dəyərlər oturub-durduğu Paşinyana verdiyi söz qədər əhəmiyyət daşımır
İlk öncə qeyd etmək istəyirəm ki, Fransa ənənəvi olaraq həminki havasındadır. Bir tək Qarabağ üzərindən deməzdim, ümumiyyətlə, bütün məsələlər bağlı xüsusən Cənubi Qafqaza aid olaraq öz dırnaqarası xisləti, mahiyyəti və xarakteri ilə hər şeyi pozmaqla məşğuldur. İnsan bəzən düşünür ki, haqqında danışdığımız bu dövlət 28 il müddətində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Ən dəhşətli fakt budur. 30 ilə yaxın biz belələrinə ümid etmişik. Bu böyük müddətdə ümumiyyətlə, beynəlxalq ədalət, sözügedən qlobal məsələ görün kimlərin ümidinə qalıb. Bu gün Fransa əslində işğalçı Ermənistana qardaşlıq da yox, böyük bacılıq edir. Haqqın və ədalətin qətiyyən yanında deyil. Hətta müharibənin bitməsinə və Azərbaycanın Qələbə qazanmasına rəğmən Fransa yenə də rahatlaşmır, Ermənistana silah tədarük edir. Həmçinin bəzən onların əvəzinə müharibə anonsu verir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Deputat qeyd edib ki, son günlərdə biz eşitdik ki, onlar Ermənistandakı Rusiya hərbi bazasını çıxarıb bu ölkədə fransız hərbi bazasını yerləşdirmək istəyir. Bu informasiya nə qədər real və dəqiqdirsə, onu deyə bilmərəm. Amma bizim dəqiq bildiyimiz bir fakt var ki, Fransa elə Makronun timsalında öz riyakarlığını davam etdirir. Onlardan heç bir ədalət gözləmək olmaz, qeyd etdiyim kimi, dırnaqarası öz mahiyyətlərindədirlər, dəyişməzdirlər. Makron üçün baxmayaraq ki, o Avropanın böyük beşliyinin üzvlərində birinin rəhbəridir, “Qoca qitə”nin ümumbəşəri dəyərləri oturub-durduğu Paşinyana verdiyi söz qədər ciddiyyət və əhəmiyyət daşımır.
Azərbaycan bu gün 2020-ci ildəki vəziyyətdən ən azı 10-15 dəfə güclüdür
Amma bizim dövlətimiz üçün heç bir fərqi yoxdur ki, bu gün o qəsbkar, qatil, bütün terrorları, soyqırımları törədən işğalçı Ermənistanın yanında kim dayanırsa, dayansın, Azərbaycana bata bilməz. Bu gün biz Xocalı soyqırımının 32-ci ildönümünü böyük hüznlə qeyd edirik. Biz öz haqqımızı və hüququmuzu qorumaq iqtidarındayıq, buna qadirik. Kim nə cür istəsə, onlarla o dildə danışacağıq. Silah, hərbi və diplomatik gücümüz var. Düzdür, mən düşünürəm ki, Ermənistan bir də o cürəti edib bizim üzərimizə gələ bilməz. Çünki “Dəmir yumruq” onların başına elə bir şəkildə dəyib ki, onlar uzun illər özlərinə gələ bilməyəcək. Amma birdən elə bir ehtimal olsa, Azərbaycan bu gün hətta 2020-ci ildəki müharibə vəziyyətindən müqayisədə belə ən azı 10-15 dəfə daha güclüdür.
Cavid Əkbərov, “İki sahil”