27 fevral 2024 13:16
484

Ermənistanın mövqeyi region üçün təhlükə yaradır - POLKOVNİKDƏN XƏBƏRDARLIQ

Geosiyasi arenada gedən proseslər demək olar ki, dünyanın heç bir yerinə təsirsiz ötüşmür. Xüsusən də münaqişə olan ərazilərdə bu, özünü daha çox büruzə verir. Hər kəsə məlumdur ki, Ermənistan Cənubi Qafqazda hansı məqsədlərlə yerləşib. Elə bu gün də Ermənistan Cənubi Qafqazda həmişəki kimi vəziyyəti gərginləşdirmək məqsədi güdür. Hərbi dillə desək detonatr rolunu oynayır. 

Bu sözləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, Afrika ölkələrində və digər ərazilərdə kolonial siyasətini itirən Fransa yeni ərazilər və istiqamətlərdə təsir gücü əldə etməyə çalışır: “Cənubi Qafqazdan o cümlədən, Ermənistan ərazisindən gələcəkdə keçməsi nəzərdə tutulan meqa logistik layihələrin həyata keçiriləcəyini nəzərə alaraq Fransa İrəvan vasitəsilə Cənubi Qafqazda təsir dairəsini artırmaq istəyir. Bilirik ki, Cənubi Qafqazda 3+3 yanaşması var. Yəni, bizim regionda 3+3 yanaşmasına daxil olan dövlətlərin icazəsi ilə müəyyən məsələlər qəbul oluna bilər. Fransa isə bura daxil olan ölkələr arasında yoxdur.

Ona görə də, Ermənistana silah verməklə, qərəzli mövqelər nümayiş etdirməklə öz məqsədlərinə nail olmaq istəyir. Təbii ki, Fransa bu addımlarını Ermənistana və yaxud erməni xalqına “ürəyi yandığı” üçün atmır. Bu, digər xarici oyunçulara da aiddir. Onlar bu regionda məhz təsir mexanizmləri əldə etmək istəyirlər. Ona görə də, Ermənistanın tutduğu mövqe bu cəhətdən region üçün təhlükə yaradır. Belə olduğu halda İranın müəyyən narahatlıqları, Rusiyanın xəbərdarlıqları, Türkiyənin bu regionla bağlı fikirləri hamısı anlamlanır”.

Polkovnik qeyd edib ki, Fransa Ermənistanı silahlandırsa da, onlar bilir ki, Azərbaycana qarşı revanş imkanları demək olar ki, yox səviyyəsindədir: “Birincisi Azerbaycan öz haqqını tələb edən, güclü lideri və ordusu olan bir ölkədir. Üstəlik elə bir güclü lider ki, ətrafında xalqı bir yumruq kimi birləşib. Bu gün Azərbaycan regionda ən sabit və nüfuzlu bir dövlətdir. Lakin Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin mövqeyi onları gələcəkdə böyük faciələrə sürükləyəcək. Prezident İlham Əliyevin də dediyi kimi əgər Azərbaycan təhdid hiss edərsə, tərəddüd etmədən məhv edəcək”.

Sayalı Abasova, “İki sahil”