15 fevral 2018 00:30
1068

Məhsullarımız 113 ölkəyə yayılır

“Made in Azerbaijan”nın ixrac coğrafiyası:
məhsullarımız 113 ölkəyə yayılır

Azərbaycan dövləti dünya bazarını, onun inkişaf və tələbat xarakteristikasını dəqiq öyrənib proqnozlaşdırmaqla ölkəmizə valyuta gətirən məhsulların ixracını daha da atırmaq istiqamətində yeni proseslərə start verib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyələri ilə 2015-ci ildən iqisadiyyatın yeni inkişaf mərhələsi üçün Starteji Yol Xəritəsi hazırlanaraq dövriyyəyə buraxılıb. Həmin sənədə görə, ölkəmizə valyuta gətirən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının və ixracının sürətlənməsi əsas prinsip idi.

Artıq ilkin uğurlu nəticələr var və ixrac məhsullarının sırasında kənd təsərrüfatı məhsullarının həcmi artaraq neft məhsullarının ixrac həcminə yaxınlaşıb. Bu gün fermerlərimiz üçün dünya bazarlarında böyük tələbat duyulan pambıqçılıq strateji sahəyə çevrilib. Belə ki, 2017- ci ildə pambıq tarlalarının ərazisi 18 dəfə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə bu ilin dekabrın 10-dək tarlalardan 211 min ton pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib.

Bu göstərici keçən il 90 min ton olub. Azərbaycan dövləti üçün qarşıdakı 5 ildə pambıq istehsalını 1 milyon tona çatdırmaq çox mühüm məsələdir. Çünki indi pambıq mahlıcının bir tonu 1200 dollar olmaqla dünya bazarlarında neftdən baha satılır. Hazırda dünya birjalarında pambıq mahlıcının qiymətinin yüksəlməsi tendensiyası baş verir. Ona görə ki, indi inkişaf etmiş ölkələlərin vətəndaşları daha çox geyimlərində pambıq mahlıcından hazırlanmış məhsullara üstünlük verirlər.  ki, bu da tələbatı xeyli artırıb

Bundan başqa, son iki ildə pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalına dair müəyyən edilən kompleks tədbirlər aqrar sahədə böyük dəyişikliklərə səbəb olub. Mütəxəssislərin fikrincə, bu illər Azərbaycanın kənd təsərrüfatı tarixində inqilabi islahatlar dövrü kimi düşüb. Ona görə ki, kənd təsərrüfatına göstərilən dövlət qayğısı strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsini, xarici bazarlardan asılılığın azalmasını, ixracyönümlü məhsulların istehsalının artırılmasını sürətləndirib.

Pambıqçılıqdan başqa dünya bazarında ciddi tələbat duyulan və qiymətli hesab edilən Azəbrbaycan çayçılığının inkişafı sürətlənib. 2017-ci ildə çay plantasiyalarının ümumi əkin sahəsi 1016 hektar olub ki, bunun da 664 hektarı məhsul verib. 2017-2021-ci illərdə 985 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub.

Artıq ölkəmizdə illik emal gücü 24,3 min ton olan 10 çay emalı fabriki fəaliyyət göstərir. Ötən il 6,2 milyon dollar dəyərində 1,1 min ton çay ixrac edilib. Bu il isə çayın ixracında 18 faiz artım qeydə alınıb. Ölkəmizdə ixracyönümlü digər bir sahə fındıqçılıqdır. Dünya bazarlarında bu məhsula da tələbat yüksəkdir. 2017-ci ildə fındıq bağlarının əkin sahəsi daha 36 faiz artırılıb. 

Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, “Made in Azerbaijan” brendli məhsullara dünyada tələbat artıb. Dövlət Statistika Komitəsinin mətbuat üçün açıqlamasında bildirilir ki, 2017-ci ildə ölkəmizin məhsulları dünyanın 113 ölkəsinə ixrac olunub. Ümumilikdə isə 2017-ci ildə  qeyri-neft sektoru üzrə ixrac 1 milyard 419 milyon dollar həcmində olub və bu ixrac əməliyyatlarında 1823 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faizdən çox artıb. Ötən il qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Ötən il ərzində bu ölkəyə 440 milyon dollar dəyərində Azərbaycan məhsulları ixrac edilib. Növbəti yerləri isə Türkiyə (254 milyon dollar), İsveçrə (120 milyon dollar), Gürcüstan (111 milyon dollar) və Türkmənistan (51milyon dollar) bölüşürlər.

Eyni zamanda 2018-ci il üçün artıq ilkin ixrac sifarişləri də alınıb. Bu, təxminən 41.5 milyon ABŞ dolları həcmindədir.  İxrac sifarişləri daha çox Rusiyadan, Türkiyədən, Ukraynadan, Hindistandan və ABŞ-dandır.

Məhz qeyri-neft sektorunun inkişafı ölkəmizin valyuta ehtiyatlarına yeni maliyyə daxil olmalarını təmin edib. Bütün bunlar isə Azərbaycanın öz iqtisadiyyatının sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev bu barədə əminliklə bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq: “Çünki bu siyasət müsbət nəticələrini verir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır.

Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək.”

Bu rəqəmlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin siyasi iradəsi ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün başladılmış böyük islahatlar artıq öz bəhrəsin verməkdədir. Məhz ixrac potensailımızın xeyli yüksəlməsi son nəticədə respublikanın qlobal böhrana ciddi dirəniş gücünü artırmasına səbəb olub.

Elçin Zaman, “İki sahil”