28 fevral 2024 13:01
577

Makron Cənubi Qafqazda geopolitik qarşıdurma axtarışındadır - EKSPERT

Ermənistana səfər edən Fransa müdafiə naziri Sebastyan Lekornu öz təyyarəsinin bortunda həm də gecəgörmə cihazları və radarlar aparmışdı

Fransa açıq-aşkar Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə zərbə vurur. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri zamanı verilən bəyənatlar, açıqlamalar bunu deməyə əsas verir. Digər tərəfdən Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazda geopolitik qarşıdurma axtarışındadır. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib. 

Politoloq qeyd edib ki, Ermənistanın silahlandırılma prosesi həyata keçirilir: “Ermənistana səfər edən Fransa müdafiə naziri Sebastyan Lekornu öz təyyarəsinin bortunda həm də gecəgörmə cihazları və radarlar aparmışdı. Bu da məhz Cənubi Qafqazda yeni təhdidlər və eskalasiya ocaqlarının yaradılmasına hesablanmışdır. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın silahlandırılması müxtəlif manipulyasiyalarla arqumentləşdirilir. Sanki Ermənistana verilən hərbi-texniki dəstək müdafiə xarakterlidir və Azərbaycanın guya sülh istəməməsi geniş auditoriyanın diqqətinə çatdırılır. 

İ.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan sülhün və təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Fransa kimi ardıcıl olaraq Ermənistanı dəstəkləyən dövlət bizim üçün danışıqlar masasında olmamalıdır. Eyni zamanda, biz Münxendə əldə olunmuş razılaşmaların Fransa tərəfindən pozulmasının də şahidiyik. Digər tərəfdən, artıq xarici işlər nazirləri səviyyəsində bu gün  Berlində görüş keçirilməsi gözlənilir. Belə görünür ki, Emmanuel Makron və Şarl Mişel bu proseslərdən kənarda qalır. Almaniya platforması aktuallaşır və bu platformada birbaşa dialoq yolu ilə danışıqların keçirilməsi Azərbaycanın tələbidir.  İkitərəfli müstəvidə keçirilən görüşlər davam etdirilərsə, bu prosesin gələcəyinə də ümid bəsləmək olar.

Günel Cəlilova, "İki sahil"