Fransanın canfəşanlığı məhz vəziyyəti gərginləşdirməyə yönəlib və müsbət istiqamətdə inkişafa mane olmaqdır. Fransa Cənubi Qafqazda təsir dairəsini fəal şəkildə genişləndirmək üçün Ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır. Fransanın bu “canfəşanlığı” Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamətindəki ilk addımı deyil. Fransa həm uğursuz ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə, həm 44 günlük Vətən müharibəsi dövründə, eləcə də ondan sonra Ermənistan ordusuna Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlanmış silahların verilməsində iştirak edib. İkinci Qarabağ müharibəsinə qədər bu iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyil. Hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkişafını üç istiqamətdə - ikitərəfli, Avropa İttifaqı (Aİ) missiyası və NATO çərçivəsində davam etdirmək üçün hüquqi baza formalaşdırır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Deputat bildirib ki, Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə mənasız qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar dərc etdirməklə, eyni zamanda, hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə, regionda yenidən müharibə olmasına çalışır. Hindistan da bu yolu tutub. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Hindistanın Ermənistana göndərdiyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, Təlimlər adı ilə Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirməyə cəhdlər edir. Fransanın bu siyasəti Cənubi Qafqazda gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur.
Kamran Bayramov qeyd edib ki, Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra o dövr üçün ən müasir silahlarla təmin olunan Ermənistanın təxribatları Qafqazda bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğalına gətirib çıxardı. İndi də Fransanın mövcud müqavilələr əsasında Ermənistana silahlar verməkdə regionda kövrək sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Qərb ölkələri anlamalıdır ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir.
Şəmsiyyə Əliqızı, “İki sahil”