Ermənistan kəşfiyyat strukturlarının Fransa ilə bu müstəvidə əməkdaşlığa başlaması bölgədə yeni qarşıdurmaların yaranmasına gətirib çıxaracaq
Artıq Ermənistan yeni dövrə qədəm qoyaraq Qərblə əməkdaşlığı təkcə iqtisadi və siyasi deyil, həm də hərbi, texniki və kəşfiyyat müstəvisində inkişaf etdirməyə başlayıb. Hələ bir müddət bundan əvvəl Ermənistan uğrunda Qərblə Rusiya arasında soyuq müharibənin başladığını bildirirdim. Fransa ilə Ermənistan kəşfiyyatları arasında razılaşmanın əldə olunması artıq fikirlərimizin öz təsdiqini tapdığını isbatlayır. Ermənistanın kəşfiyyat strukturlarının Fransa ilə, dolayısı ilə ABŞ-ın Avropadakı jandarması olan Fransa ilə bu müstəvidə əməkdaşlığa başlaması və yaxud da mövcud olan əməkdaşlığın rəsmiləşdirilməsi bölgədə yeni qarşıdurmaların yaranmasına gətirib çıxaracaq. Ermənistanın atdığı bu addımlar təkcə Azərbaycana deyil, həm də bölgədə uzun illərdir ki, anti-Qərb mövqeyində olan və hətta Qərblə soyuq müharibə vəziyyətində olan İranın və Rusiyanı narahat etməyə bilməz. Düşünürəm ki, İran bu məsələyə biganə yanaşmayacaq və Ermənistanla olan münasibətlərə yenidən baxacaq.

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib.
Region üçün təhlükəli bir məqam yaranıb
Ekspert bildirib ki, Rusiya ilə bağlı vəziyyət isə təbii ki, gərgin olacaq. Düşünmürəm ki, Rusiya belə rahat şəkildə Ermənistanı itirməyə razılaşsın. Fransanın Ermənistanda daha da güclənməsi Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin artmasına gətirib çıxaran amillərdən birinə çevriləcək. 2024-cü il bu mənada gərgin olacağı hələ ötən ildən bəlli idi. Bu ilin əvvəlindən isə daha açıq şəkildə məlum olmağa başladı.
Ramil Məmmədli qeyd edib ki, maraqlı məqamlardan biri də Avropada olan bəzi şəxslərin fəaliyyəti ilə bağlı olacaq. Əgər Ermənistan-Fransa kəşfiyyatı əməkdaşlıq edəcəksə, Fransada Azərbaycana qarşı fəaliyyət göstərən və əsassız fikirlər səsləndirən şəxslər də asanlıqla Ermənistan xidmət orqanlarının nəzarətinə keçə biləcəklər. Fransa kəşfiyyat orqanları Ermənistanla informasiya mübadiləsini həyata keçirə bilər. Lazım gəldikdə öz nəzarətində olan şəxslərdən Ermənistanın xeyrinə istifadə edə bilər. Hər halda region üçün təhlükəli bir məqam yaranıb. Bölgənin güclü dövlətləri bu məsələyə öz reaksiyasını ciddi şəkildə verməlidirlər.
Yaqut Ağaşahqızı, “İki sahil”