28 fevral 2024 18:08
701

Fransa peyk vasitələri ilə kəşfiyyat aparmaqla Ermənistana kömək edirdi - HƏRBİ EKSPERT

Fransa xüsusi təyinatlıları Ermənistanın xüsusi təyinatlılarına gəlib hansı təlimi keçəcəklər?

Qərb Ermənistana yaxınlıq göstərməklə Azərbaycanın müstəqil siyasətinə, qüdrətinə kölgə salmaq niyyətindədir. Çünki Azərbaycan  ərazi bütövlüyünü 44 günlük müharibədə və suverenliyini  24 saatlıq xüsusi əməliyyatla tam bərpa etdi. Fransanın xüsusilə Ermənistana yaxınlıq göstərməyi, ermənipərəst siyasət həyata keçirməsi, bu ölkəyə bir neçə növ silah-sursat  və texnika verməyi regionda vəziyyəti gərginləşdirməyə xidmət edir. Ermənistan ordusunu gücləndirməklə Fransa regionda söz sahibi olmağı hədəfləyirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi şərhçi Anar Şuşalı bildirib.

Onun sözlərinə görə Fransanın bu niyyəti baş tutmayacaq. Ali Baş Komandan cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycanın  heç bir qonşu ölkənin  ərazisində gözü yoxdur. Əlbəttə ki, Azərbaycan öz tarixi torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi.  Hələ 44 günlük Vətən müharibəsi zamanı Fransa dolayı və yaxud da birbaşa yolla Ermənistanın xüsusi xidmət qüvvələrinə, ordusuna kömək edirdi. Fransa peyk vasitələri ilə kəşfiyyat aparmaqla Ermənistana kömək etmişdir. Əlbəttə ki, Fransa regionda bu qədər aktivləşməsinin bir səbəbi də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Paris Rusiyanın diqqətinin Ukraynaya yönəlməsindən istifadə edir.

Azərbaycan xüsusi təyinatlıları dünyada ən yüksək hazırlığa malik olan qüvvələrdən sayılır

Ekspert qeyd edib ki, Fransanın Ermənistana verdiyi silah-sursat və texnikaları bir az NATO yönümlüdür. Amma hazırkı dövrdə darmadağın edilən Ermənistan ordusu bu silahlara uyğun səviyyədədirmi? Əlbəttə ki, xeyir. Guya dünya orduları sıralarında Fransanın xüsusi təyinatlıları müəyyən yerlərdə qərarlaşıb. Amma bu gün Azərbaycan xüsusi təyinatlıları dünyada ən yüksək hazırlığa malik olan qüvvələrdən sayılır. Xüsusi təyinatlılarımız bunu döyüş meydanında sübut ediblər. Onu da unutmayaq ki, beşinci nəsl silah istehsalı olan dövrdə, beşinci nəsl müharibə dövründə Fransa heç bir əməliyyat həyata keçirməyib. Ona görə də onların xüsusi təyinatlıları Ermənistanın xüsusi təyinatlılarına gəlib hansı təlimi keçəcəklər? Azərbaycan xüsusi təyinatlıları, ordusu istənilən zaman öz sözünü deməyə qadirdir. Lokal xarakterli antiterror tədbirləri Azərbaycanın yeni yaradılmış komando birliklərinin gücünü göstərdi.
Anar Şuşalı qeyd edib ki, Fransanın regionla bağlı planı rellaşmayacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”