Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlamağa çalışırlar
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qeyd edib ki, ikili standartların hökm sürdüyü Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir. Aİ Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı feyklər tirajlayır.
Bəs burada məqsəd nədir?
Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı, avropalılar, ümumiyyətlə, Avropa Şurası, AŞPA və bir sıra Qərbin strukturları tərəfindən son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Biz Qərbin “erməni məsələsi” adı altında Azərbaycana ciddi şəkildə təzyiqlər etməsini görməkdəyik.

Azərbaycan bayrağını Xankəndidə, Xocalıda dalğalanması görünən odur ki, Qərbdəki müəyyən dairələri ciddi şəkildə narahat edib və onlar çox sistemli şəkildə ölkəmizə qarşı hazırda ləkələmə kampaniyası aparırlar. Qərbin bəzi resursları müntəzəm olaraq məlumat yayır ki, guya Azərbaycan Ordusu Ermənistan ordusu üzərinə hücuma hazırlaşır. Bütün bunlar əlbəttə ki, informasiya zəminində bizim adımızı, statusumuzu ləkələyəcək bir niyyətlərdir. Əsas məğz ondan ibarətdir ki, bununla da Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlasınlar. Beləliklə də həm siyasi, həm intellektual, həm də ekspert qruplarını aldadaraq Avropada ələlxüsus, Qərbdə anti-Azərbaycan fonu yaratmaq istəyidir.

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirdiyi fikirlər də ondan xəbər verir ki, Avropa İttifaqı-Azərbaycan münasibətləri bu gün müəyyən bir tezliklə və gecliklə inkişaf etməkdədir. Amma Avropa İttifaqı ölkəmizə qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirəcəksə, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı feyk xəbərlər yayacaqsa, gələcəkdə Azərbaycana qarşı hər hansı bir hüquqi sənədin qəbul edilməsi ilə bağlı çıxışlar davamlı xarakter alacaqsa, bunlar artıq Qərb- Azərbaycan münasibətlərində rəsmi Bakının müxtəlif addımlar atmasına gətirib çıxara bilər. İndi biz AŞPA-nın özü ilə bağlı bunu deyə bilərik. Yaxın vaxtlarda Azərbaycan bu istiqamətlərdə düzgün addımların atılmasını gözləyir. Əks təqdirdə, əlbəttə ki, Azərbaycan “AŞPA ilə qoşa digər Avropa təşkilatları bizə lazımdırdırmı” sualını verməli olacaq.
Cavid Əkbər, “İki sahil”