29 fevral 2024 14:18
417

Prezidentin mesajı kifayət qədər açıq və dəqiqdir - Fazil Mustafa/EKSKLÜZİV

Avropa İttifaqının aparıcı ölkələri yeni reallıqlara alışmalıdırlar

Prezident İlham Əliyev dünən Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Dövlət başçısı görüşdə bir sıra vacib məqamlara toxunaraq qeyd etdi ki, Rusiya indi yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Belə əngəllər Azərbaycanı öz yolundan döndərə bilməz

Məsələ ilə bağlı "İki sahil"ə açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki,  Prezident İlham Əliyev bu ölkələrin təmsilçilərinə reallıqları izah edir ki, burada artıq hər hansı bir şəkildə əvvəlki komplekslərlə davranmaq olmaz. Azərbaycan artıq əvvəlki ölkə deyil və öz problemini həll etmiş ölkədir. Ona görə də, kiminsə xüsusi dəstəyinə, himayəsinə ehtiyacı yoxdur.

Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqil şəkildə ikitərəfli əməkdaşlıq istiqamətində işlər görməyə çalışır: “Buna Ermənistana simpatiya üzərindən yanaşmaq həmin ölkələrin özünə zərərdir. Ona görə də, Avropa İttifaqının aparıcı ölkələri yeni reallıqlara alışmalı, müstəqil münasibətlər qurmağa çalışmalıdırlar. Prezidentin bu mesajı kifayət qədər açıq və dəqiqdir. Birmənalı şəkildə Azərbaycanın problemlərinin həlli istiqamətində onun nəzərdə tutduğu layihə üzrə ölkənin irəliləməsi deməkdir. Hər hansı bir şəkildə belə əngəllər Azərbaycanı öz yolundan döndərməyi bacarmayacaq. Azərbaycan daha dəqiq şəkildə bu istiqamətdə öz fəaliyyətini göstərəcək”.

Sayalı Abasova, “İki sahil”