Ultra marafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir.
“İki sahil” xəbər verir ki, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov jurnalistlərə açıqlamasında deyil.
Xankəndidən Yevlaxa qədər olan 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən idmançı uğurlu çıxışa görə sevindiyini bildirib: "Birinci gün üçün asan olur. Çünki yorğunluq yoxdur. Buna görə də özümü qorumağa çalışdım. Bu yarış böyük önəm kəsb etdiyindən, qalib gəlmək istəyirdim. Beş il əvvəl ağlıma da gətirə bilməzdim ki, bu torpaqlara gəlib çıxa biləcəyəm. Nəyin bahasına olursa-olsun, finişə birini çatmağı qarşıma məqsəd qoymuşdum".
44 yaşlı atlet ultra marafonun yekununda da birinciliyi arzulayır: "Ümumi hədəfim 380 km məsafəni 35 saatdan tez qət etməkdir. Növbəti günlərdə yorğunluq da sözünü deyəcək, nisbətən temp düşəcək. Fikrimcə, 35 saatdan tez Bakıya çatsam, birinci olacağam".
Elmir Əskərov öz nəticəsini gözlənilən adlandırıb: "Artıq 4 ildir ultra marafonla məşğul oluram. 200, 220 km-lik yarışlarda, üç dünya çempionatında iştirak etmişəm. Bu üzdən belə nəticə göstərməyim təəccüblü deyil. Hətta bir saat tez də çata bilərdim. Uğurumun sirri üzərimdə çox işləməyimdir. Güclü, əzmkar olmaq üçün beynində güclü olmalısan".