29 fevral 2024 16:10
442

Sumqayıt hadisələri Ermənistan terror maşınının növbəti təxribatlarından biri idi - EKSPERTDƏN AÇIQLAMA

Ermənistan Sumqayıt hadisələri ilə bağlı arxivlərin açılmasına imkan vermir, çünki yaxşı bilir ki...

Sumqayıtda baş verən hadisələr birbaşa Ermənistan terror maşınının növbəti təxribatlarından biri idi. 1980-ci illərdə SSRİ-nin tərkibində bəlli erməni dairələri var idi ki, onlar daxildə nifaq toxumları səpirdilər. Əsas hədəflərindən biri də Azərbaycan və Türkiyə arasındakı əlaqələri bloklamaq üçün Azərbaycanın daxilində separatçılıq ocaqları yaratmaq idi. Elə ona görə də Qərbi Azərbaycandan olan soydaşlarımızın departasiyası və Sumqayıtda Eduard Qriqoryan adlı erməni millətindən olan  təxribatçının əli ilə baş verən hadisələr məhz Azərbaycana qarşı gələcək təhlükəli tendensiyaların, planların ssenarisi kimi ortaya çıxmışdı. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov söyləyib. 

T.İsmayılov bildirib ki, Sumqayıt hadisələri qəsdən törədilmiş hadisə idi: “Məsələ Azərbaycanı, azərbaycanlıları ermənilərə qarşı hansısa hücumda günahlandırmaq idi. Həm də 1980-ci illərdə Qərbi azərbaycanlılar zorla departasiya edilməsi SSRİ-nin daxilində narazılıq yaratmışdı. Xüsusilə SSRİ tərkibindəki türksoylu xalqlar Azərbaycana qarşı həyata keçirilən bu vandal prosesə etiraz edirdilər”. 

Politoloq bildirib ki, məhz sadalanan səbəblərə görə, qəsdən Sumqayıtdakı məlum hadisələri törətməklə və yenə Ermənistanın əli ilə o hadisələri təşkil etməklə Azərbaycanı gələcəkdə nələrdəsə ittiham etməyə çalışırdılar. 

“Faktiki olaraq, bu gün Ermənistanda yaxşı başa düşür ki, Sumqayıt hadisələrində Azərbaycan xalqının, dövlətinin heç bir günahı yoxdur” - söyləyən T.İsmayılov əlavə edib ki, sözügedən hadisələr qəsdli şəkildə törədilib: “Burada Ermənistan və onun havadarlarının əli var idi. Elə ona görə də Ermənistan SSRİ dağıldıqdan sonra da Sumqayıt hadisələri ilə bağlı arxivlərin açılmasına imkan vermir. Çünki Ermənistan yaxşı başa düşür ki, əgər arxivlər açılsa Sumqayıt hadisələrinin real mahiyyəti ilə bağlı növbəti faktlar ortaya çıxacaq. Bununla da daha bir təhlükəli cinayət törətdiyi məlum olacaq Ermənistan növbəti dəfə biabır olacaq. Ona görə də hər vəchlə arxivlərin açılmasına imkan vermirlər”.

Günel Cəlilova, "İki sahil"