29 fevral 2024 17:06
572

Qərbdə bəzi dairələr Azərbaycanın müstəqil siyasət həyata keçirməsini qəbul edə bilmirlər - Aydın Mirzəzadə

Hələ də Avropanın müəyyən dairələrində antiazərbaycan əhval-ruhiyyəsi qalmaqda davam edir. Bu, bir tərəfdən erməni diaspor dairələrinin apardığı uzunmüddətli təbliğatla bağlıdır. Digər tərəfdən isə Qərbdə bəzi dairələr Azərbaycanın müstəqil siyasət həyata keçirməsini qəbul edə bilmir. Onların fikrincə, Azərbaycan bəzi Asiya və Afrika ölkələri kimi Avropanın siyasi və iqtisadi mərkəzlərinin təsiri altında olmalıdır. Həm daxili, həm də xarici məsələlərdə onların tövsiyələrinə əməl etməlidir. Amma Azərbaycanın güclü və qüdrətli dövlət kimi müstəqil siyasət yeritməsi, milli maraqlara uyğun olaraq addımlar atması, Avropa İttifaqının ikili standartlarını qəbul etməməsi onlarda qıcıq yaradır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

Deputatın sözlərin görə məhz bu səbəblərdən həmin dairələr tərəfindən qərəzli şəkildə anti-Azərbaycan təbliğat aparılır. Ancaq bu, Azərbaycanın müstəqil siyasətinə qətiyyən təsir etmir və edə də bilməz. 

Aydın Mirzəzadə qeyd etdi ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri bu ölkənin işgüzar dairələrinin Azərbayacana olan marağının nəticəsidir. Alman iş adamlarının Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini qeyd etmələri vacib məqamdır. Digər tərəfdən ölkələrimizin arasında yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib. İşgüzar dairələrin bu yanaşması Azərbaycana qarşı siyasi dairələrdən obyektiv mövqe formalaşdıra bilər. Alman iş adamları Azərbaycana investisiya yatırılmasında, qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlıdırlar. Azərbaycan bunun üçün açıqdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya işgüzar münasibətlərində bundan sonra biz bir çox yeni layihələrin həyata keçirilməsinin şahidi olacağıq.

Cavid Əkbərov, "İki sahil"