29 fevral 2024 18:01
586

Avropa Parlamenti cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi məsələlərlə məşğul olsa yaxşıdır - Kamran Bayramov

İllik hesabat Avropa Parlamentində Azərbaycanofob və islamofob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir

Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin  etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir. Avropa Parlamenti kimi qərəzli qurumlar Azərbaycana qarşı qarayaxma kampaniyasında canfəşanlıq nümayiş etdirməkdənsə yaxşı olardı ki, qeyri-qanuni əməllərinə son qoysunlar. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar  kimdənsə nəyisə tələb edə bilməz.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirdi. 

Avropa Parlamentinin illik hesabat erməni lobbisinin təsiri və diktəsi altında hazırlanıb

K.Bayramov qeyd etdi ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə mövqe tutması artıq, təəccüb doğurmur. Avropanın bu ali orqanı hər bir fürsətdə rəsmi Bakının əleyhinə bəyanatla çıxış etmək, qətnamə qəbul etmək imkanını qaçırmır. Bu hallarda məsələnin nə dərəcədə ədalətli olması adətən ikinci planda qalır. Avropa Parlamentinin illik hesabatında əks olunmuş bir sıra məqamlar da məhz, bunu deməyə əsas verir. Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir.

Avropa Parlamenti Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib

Deputat qeyd etdi ki, Milli Məclisin hesabatla bağlı açıqlamasında bildirilib ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük qurbanlar hesabına öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlənmirdi. Qeyd olunan sənəd həm də Avropa Parlamentində Azərbaycanofob və islamofob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir. Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir. Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər.

Deputat əlavə etdi ki,  hər bir ölkənin  inkişafı daxili sabitlikdən asılıdır. Xaos, anarxiya, müharibələr inkişafın deyil, qaragüruhun göstəricisidir. Yaxşı olardı ki, Fransa dünyada ermənilərin müdafiəçisi imicinə bürünməkdən əl çəkərək öz ölkəsindəki qeyri-qanuni əməllərə son qoysun. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən sözügedən ölkə siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz artıq yeni dövrə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərini bərpa edən, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaran güclü və qətiyyətli Azərbaycan üçün bu dövr həm də beynəlxalq səviyyədə sülhə, ədalətə, dürüstlüyə və səmimiyyətə əsaslanan əməkdaşlığı və tərəfdaşlığı ehtiva edir. Avropa Parlamentinin rəhbər tutduğu “prinsiplər” isə birmənalı şəkildə rədd edilir. Milli Məclis Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayıb, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edib.
Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Avropa Parlamentinin ikili standartlardan çıxış etməsi sülh perspektivlərinə xələl gətirir.

Şəmsiyyə Əliqızı, "İki sahil"