01 mart 2024 19:08
496

Bu gün ikili standartlar Avropa İttifaqı ölkələri üçün adi hala çevrilib - Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov İkisahil.TV-nin qonağı olub.

“İki sahil” xəbər verir ki,  deputat müsahibəsində bildirib ki, bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Hazırda Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı və keçirilən görüşlər bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Burada xüsusi diqqət çəkən məqam odur ki, Azərbaycan Prezidenti ilə keçirilən bu görüşlərin hər biri qarşı tərəflərin müraciəti, xahişi əsasında olub. Bu fakt, həm ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həm də, şəxsən dövlət başçımızın dünya siyasətində oynadığı böyük rol və şəxsi nüfuzu ilə bağlıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə,  qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri üzərində qurulub. Xarici siyasətin konturlarını dövlət başçımız inaqurasiya mərasimində səsləndirib: “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.”

Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.  Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı ölkəkəri  üçün adi hala çevrilib. Dövlət başçımızın qeyd etdiyi kimi, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər.

Şəmsiyyə Əliqızı, "İki sahil"