32 il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin bərpasından sonrakı ilk aylar hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətin zəbt etmiş iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər.
Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır.
Köklü iqtisadi və siyasi islahatlar zəruri idi. Ancaq o illərdə islahatların hansı istiqamətdə getməsi haqqında müxtəlif fikirlər var idi. Xarici siyasət, onun istiqamətləri ilə bağlı müxtəlif fikirlər var idi. Ulu öndərin müdrikliyi hər bir istiqamət üzrə çox konkret və dəqiq proqramın formalaşmasında çox mühüm rol oynamışdır. Biz bu gün bu yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdur.
Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə də biz demək olar ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir, nümunədir.
Əslində, dövlətçiliyimizin, həm siyasi, həm iqtisadi və ideoloji sahələrdə əsasları 1990-cı illərin ortalarında qoyulmuşdur.
Ulu Öndərin baxışları real konkret proqramlarda öz əksini tapmışdır. Bizim ideologiyamızın formalaşması çox mühüm məsələ idi. Çünki biz onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışdıq. Əlbəttə, ideoloji çərçivələr çox məhdud idi. Yeni, gənc müstəqil ölkəmizin ideoloji əsaslarının formalaşdırılması məsələsi çox böyük əhəmiyyət kəsb edirdi.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.
2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.
“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında demişdir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Nəzrin Əskərzadə,
Xətai rayonu, 191 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai raton təşkilatının üzvü