04 mart 2024 15:55
510

Bu, "yaşıl enerji"yə transformasiya istiqamətində dövlətimizin və onun Liderinin baxışları idi - EKSPERT/ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev Euronews-a verdiyi müsahibə zamanı bir sıra istiqamətlərə, xüsusilə də qazıntı enerjisinin ölkənin inkişafına yönləndirilməsinə toxundu. Ölkə başçısı bu gün Azərbaycanın iqtisadi gücünün əldə olunmasında qazıntı enerjisinin nə qədər əhəmiyyətli olduğunu, eyni zamanda, Azərbaycan dövlətinin yaxın perspektivdəki hədəflərini bəyan etdi. Bərpa olunan enerji ilə bağlı Azərbaycanın iradəsini bir daha dünya ictimaiyyətinə çatdırmış oldu. Prezident açıq şəkildə bildirdi ki, karbohidrogen ehtiyatlarına sahib olmaq o dövlətin günahı deyil. Amma lənətlənmiş ölkə təhlükəsindən uzaq olmaq həmin sərvətlərə sahib olan dövlətlərin bu sərvətləri necə istifadə, idarə etməsindən, eyni zamanda ekoloji tarazlığın qorunması istiqamətində atdığı addımlardan asılıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Anar Əliyev bildirib. 

Politoloq qeyd edib ki, Azərbaycan ortaya qoyduğu mövqe, atdığı addımlarla bir nümunə nümayiş etdirib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz neftimizi inkişafa çevirməyi bacardıq. Biz həm də neftdən gələn gəlirlərimizin ədalətli bölüşdürülməsinə nail olduq. Bununla da əslində müasir Azərbaycanın təməlini, əsasını qoymuş olduq.

Ölkə başçısının qeyd etdiyi kimi, məhz ədalətli və ağıllı siyasətin nəticəsində karbohidrogen ehtiyatlarından bir çox istiqamətlərdə həyata keçirdiyimiz böyük layihələrdən, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasından əldə etdiyimiz vəsaitləri məhz insan kapitalına yönləndirməyi bacardıq. Azərbaycanın müstəqil iqtisadi gücə çevrilməsinə nail ola bildik. Bunun nəticəsidir ki, Azərbaycan qısa müddət ərzində işsizliyi 50 faizdən 5 faizə endirməyi bacardı. Ölkəyə son 20 ildə 300 milyard dollardan çox investisiya yatırıldı. Bunlardan təxminən 100 milyard manatdan artığı yalnız regionların payına düşür. Nəticə etibarilə çoxsayda iş yerləri açıldı. İnsanlarımızın sosial rifahı, maddi gəlirləri daha da artdı. Bundan sonra da Azərbaycan dövləti və onun Liderinin hədəfi yenə də Azərbaycan vətəndaşı, onun rifahınnı yüksəldilməsidir. 

A.Əliyev xatırlatdı ki, Azərbayacan Prezidenti Euronews-a müsahibəsində enerji təminatı ilə bağlı hədəflərimizin yaşıl enerjiyə keçid olduğunu bir daha vurğuladı: “Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Prezident İlham Əliyev bu potensialdan ağılla, səmərəli şəkildə istifadə olunmasının yollarını bəyan etdi. Bu, əslində Azərbaycanın yaşıl enerjiyə transformasiya olması istiqamətində dövlətimizin və onun Liderinin baxışları idi”.

Günel Cəlilova, "İki sahil"