05 mart 2024 01:57
432

Ölkəmizin ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır

Oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir

Hazırda dünyanı  narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bunu beynəlxalq təşkilatların və aparıcı ölkələrin ciddi mesajlarından da aydın görmək olur. Ona görə də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır. Ölkəmizdə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə 300 min hektardan çox ərazidə yaradılan 50-dən çox aqropark ərzaq bolluğunu  təmin edəcək mühüm amildir.

Ölkəmizin ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən  işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür: « Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq».

Bu, bir önəmli faktdır ki, işğaldan əvvəl  Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə hər il 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan  azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır.

Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində ərzaqlıq buğda ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq prioritet məsələdir. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ildə işğaldan azad edilmiş rayonlarda taxıl sahəsinin həcmi daha da genişləndirilmişdir. Belə ki,  Ağdam rayonunda 5,5 min, Cəbrayılda 14,8 min, Füzulidə 3,2 min, Qubadlıda 14,1 min, Zəngilanda  7,7 min, Laçında 2 min, Xocavənd rayonunda 521 hektar olmaqla, ümumilikdə 48, 7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və həmin torpaq sahələrinin 40 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Zəngilan rayonunda 450 hektar sahədə yazlıq arpa, 400 hektar sahədə yazlıq buğda, 300 hektar sahədə vələmir, 50 hektar sahədə qarğıdalı, Qubadlı rayonunda 290 hektar sahədə yazlıq arpa, 50 hektar sahədə qarğıdalı, Ağdam rayonunda 300 hektar, Cəbrayıl rayonunda 260 hektar, Füzuli rayonunda 12,8 hektar, Xocavənd rayonunda 162 hektar sahədə yazlıq arpa əkini aparılıb. Nəticədə 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış taxıl yığımında ciddi artım müşahidə edilmişdir.

Bundan başqa, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 100 faiz səviyyəsinə çatdırmaqdır. Ona görə ki, Laçının və Kəlbəcərin yaylaqları, geniş otlaq sahələri də artıq fermerlərin istifadəsinə verilib. İndi bu dağ rayonlarında onminlərlə böyük baş və xırda buynuzlu heyvanlar saxlanılır.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların aqrar potensialını qiymətləndirərkən demişdir ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var: « Biz vaxt itirmədən artıq bir neçə ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.»

Bütün bunlar bir daha aydın şəkildə göstərir ki, bu gün Azərbaycan dövlətinin  aqrar sahəyə diqqət və qayğısı  bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların  verilməsi ölkənin taxıl ehtiyatlarını, ərzaq məhsullarını  artırmaq istiqamətində önəmli addımdır.

Elçin Zaman, «İki sahil»