Gizli əməliyyatlarının şifrəsi bir-bir açılır, həqiqətlər ortaya çıxır
Xəbər verildiyi kimi, Vaşinqtonun bütün dünyada ABŞ yardımını geniş şəkildə dondurmasından sonra Donald Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) onlarla yüksək vəzifəli məmuru məzuniyyətə göndərib. USAID əməkdaşlarına göndərilən daxili memorandumda deyilir ki, yeni rəhbərlik agentlik daxilində “prezidentin icra sərəncamlarını və Amerika xalqının mandatını pozmaq üçün hazırlanmış” bir sıra hərəkətləri müəyyən edib. Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən amerikalı sahibkar İlon Mask isə USAID-i cinayətkar fəaliyyətdə ittiham edərək qalmaqallı bəyanatla çıxış edib. “X” sosial media hesabında Mask bildirib: “Bilirdinizmi ki, USAID sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilah tədqiqatlarını maliyyələşdirir?”. Amerikalı sahibkar ABŞ-ın USAİD-i sonu gəlməli olan cinayətkar təşkilat adlandırıb. "USAİD cinayətkar təşkilatdır. Onun məhv olmaq vaxtı gəlib çatıb", - o bildirib. İ. Mask digər bir paylaşımında isə USAID-i ABŞ-a nifrət edən radikal solçu marksistlərin ilan yuvası adlandırıb.
Daha sonra İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin əməkdaşları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtondakı qərargahına daxil olmağa cəhd ediblər. Onların hərəkətləri əvvəlcə agentliyin təhlükəsizlik xidməti tərəfindən dayandırılıb, lakin sonradan qurumun nümayəndələri məxfi materiallara, o cümlədən kəşfiyyat məlumatlarını ehtiva edən hesabatlara çıxış əldə edə biliblər. USAID-in Təhlükəsizlik Direktoru Con Voorhees və onun müavininin məxfi sənədləri təqdim etməkdən imtina etməsi onların müvəqqəti istefasına səbəb olub. Cavab olaraq, Hökumətin Effektivliyi Departamenti təhlükəsiz məlumatlara çıxışı təmin etmək üçün ABŞ Marşal Xidmətini cəlb etməklə hədələyib. Nəticədə Hökumətin Effektivliyi Departamentinin əməkdaşları təhlükəsizlik sistemlərinə və agentlik işçilərinin şəxsi məlumatlarına çıxış əldə ediblər. Donald Tramp administrasiyası artıq iki yüksək səviyyəli təhlükəsizlik məmuru da daxil olmaqla USAID-in 100-ə yaxın əməkdaşını işdən çıxarıb. Mask USAID-in fəaliyyətini dayandırmalı olduğunu bildirib və təşkilatı media təbliğatını vergi ödəyiciləri hesabına ödəməkdə günahlandırıb. Fevralın 1-dən USAID-in internet saytı fəaliyyətini dayandırıb və ertəsi gün təşkilatın “X” sosial şəbəkəsində bir milyona yaxın abunəçisi olan səhifəsi bağlanıb. ABŞ Prezidenti Donald Tramp USAİD rəhbərliyinin “radikal dəlilərdən” ibarət olduğunu bildirib. O, bunu Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib: “USAID-i radikal dəlilər idarə edir, biz onlarla bağlı qərar verəcəyik”.
Bu arada “Şri Lanka Guardian” qəzeti USAID-in təxribatçı fəaliyyətini ifşa edən məqalə dərc edib. Məqalədə deyilir: “Özünü “demokratiya və insan haqları çırağı” adlandıran bu qurum geosiyasi müdaxilə, xarici siyasi sistemlərin manipulyasiyası və istismarı kimi daha məkrli bir gündəmlə fəaliyyət göstərir. USAID “demokratiyanı maliyyələşdirməsi” adlandırılan hiylədir, öz əsl məqsədlərini gizlətmək üçün diqqətlə hazırlanmış hekayədir. Əsas məqsəd ABŞ-ın təsirini genişləndirmək və hökumətləri sabitsizləşdirməkdir”. Bundan başqa, Venesuelada agentlik ölkədə sabitliyin pozulmasına töhfə verən Nikolas Maduro hökumətinə qarşı çıxan müxalifət hərəkatlarının maliyyələşdirilməsində fəal iştirak edir. USAID-in fəaliyyəti siyasi gərginliyi və daxili parçalanmaları artıraraq Venesuelanı daha da parçalanmış vəziyyətə salıb. Eynilə USAID Rusiya ilə Qərb arasında geosiyasi çəkişmənin əsas oyunçusudur. Onun Ukraynadakı siyasi çevrilişdəki rolu yaxşı sənədləşdirilmişdir. Məlumatlara görə, agentliyin verdiyi maliyyə yardımı Ukrayna əhalisini daha da qütbləşdirərək rusiyayönümlü liderlərin vəzifədən uzaqlaşdırılması və onların qərbyönümlü siyasətçilərlə əvəzlənməsi səylərinə töhfə verib. Venesuela və Ukraynadan başqa, USAID-in Yaxın Şərq və Şimali Afrikada mövcudluğu heç də az mübahisəli deyil. Misir və Liviya kimi ölkələrdə agentlik müxalifət qruplarını dəstəkləməkdə iştirak edib.
Qeyd edək ki, USAID-in fəaliyyəti təkcə geosiyasi müdaxilə və rejim dəyişikliyi ilə məhdudlaşmır. Agentliyin cinsi istismar, korrupsiya və istismarla bağlı bir sıra qalmaqallarda da əli olub. USAID-in Şri-Lankadakı əməliyyatlarında geniş yayılmış sui-istifadə halları barədə məlumatlar var, lakin agentliyin məsul şəxsləri məsuliyyətə cəlb edilməyib və bu, onun nüfuzuna daha da xələl gətirib. Həqiqəti gizlətmək təcrübəsi başqa ölkələrə də yayılır. Haitidə USAID həssas insanları maliyyə cəhətdən istismar etməkdə ittiham olunur. Belə ki, Haiti xalqı üçün nəzərdə tutulan yardımın böyük hissəsinin siyasi məqsədlərə yönəldildiyi, pulun böyük hissəsinin yerli əhaliyə deyil, Amerika podratçılarına və şirkətlərinə fayda verən proqramlara yönəldildiyi barədə məlumatlar var. Göründüyü kimi, USAID-in gizli əməliyyatlarının şifrəsi bir-bir açılır.
Xatırladaq ki, Ermənistanda da USAID geniş təsirə malikdir. Bu qurumun dəstəyi ilə Qərbin maraqları üçün lobbiçiliklə məşğul olacaq QHT-lər şəbəkəsi formalaşdırılıb. Təsadüfi deyil ki, ötən il qurum erməni dövlətinə ayırdığı yardımı 120 milyondan 250 milyon dollara qədər artırıb. Ümumiyyətlə, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra, yəni Nikol Paşinyanın baş nazirliyi dövründə USAID-in Ermənistandakı fəaliyyəti və maliyyə vəsaiti əhəmiyyətli dərəcədə artıb. Bəs təşkilat illər ərzində erməni işğalından əziyyət çəkən azərbaycanlıları niyə unudub? Əvvəlcə onu qeyd edək ki, USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə qurumun direktoru olmuş Samanta Pauer aktiv rol oynayırdı. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan rəğbəti onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünürdü. USAID direktoru kimi isə bu rəğbət özünü daha qabarıq nümayiş etdirirdi. 2023-cü ilin noyabrında da Pauer rəhbərlik etdiyi USAID-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirmişdi. Amma nədənsə, USAID rəhbərlərini nə 30 il ərzində 1 milyondan artıq azərbaycanlı qaçqının taleyi, nə erməni işğalı altında olmuş ərazilərdəki dağıntılar, nə də indiki Ermənistan ərazisində tarixən azərbaycanlılara məxsus olan dini, tarixi və mədəni abidələrin vəziyyəti maraqlandırmayıb. Təəssüf ki, qurum bütün bunları görməzdən gəlmış, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə səssiz qalmışdır. Bu da ikili standartların bariz nümunəsidir.
Prezident İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib. “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bildirib ki, USAID adlı struktur yardım etmək istəyir, ama nədənsə bizə lazım olan məsələdə deyil. Prezident İlham Əliyev qeyd edib ki, Rusiya USAID-i qadağa etməklə doğru iş görüb. “Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, - Prezident deyib.
Sevinc Azadi, “İki sahil”