12 fevral 2018 23:36
1404

Qardan nəhəng it heykəli

Çin yeni ilinin astanasında qardan nəhəng it heykəli düzəldilib

Simvolu sarı torpaq iti olan Çin yeni ilinin astanasında ölkənin şimal-şərqində yerləşən Lyaonin əyalətinin Şenyan şəhəri yaxınlığında bir qrup itin təsvir edildiyi nəhəng heykəl peyda olub.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, nəhəng heykəl bir həftə ərzində 100-dən çox heykəltəraşın iştirakı ilə 60 min kubmetr qardan hazırlanıb. Bir it və dörd balasının təsvir olunduğu heykəlin hündürlüyü 20 metr, eni 55,66 metr, uzunluğu isə 120 metrdir.

Qeyd edək ki, Çində yeni il fevralın 16-na keçən gecə başlayacaq. Ölkənin bütün əyalətlərində bayrama hazırlıq işləri görülür. Küçələr sarı itlərin təsvir olunduğu heykəllər, plakatlar və şəkillərlə bəzədilir.