05 mart 2024 15:48
527

Bakalavr pilləsi üçün tələb olunan 4 illik müddət çoxdur - Kamran Əsədovdan TƏKLİF/ÖZƏL

Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min  tələbə təhsil alır. Artıq bir neçə ildir ki, bizim ali təhsil müəssisələrində təkcə bakalavr pilləsində hər il 50 mindən çox şəxs  qəbul olunur. Amma, çox təəssüflər olsun ki, 4 ildən sonra onların yalnız 42 faizi ixtisas üzrə əmək bazarında iş tapa bilir. Bu, onların ali təhsil aldıqları müddət ərzində ixtisasları üzrə peşə bacarıqlarının kifayət qədər aşağı olması ilə bilavasitə bağlıdır. Həmçinin, ali təhsil müəssisələrinin böyük əksəriyyəti əmək bazarının tələbinə və müasir standartlara cavab verən kadr hazırlamırlar. Təəssüflər olsun ki, ali təhsil müəssisələri mütəxəssis hazırlayanda əmək bazarı ilə hər hansı bir formada əməkdaşlıq etmirlər və yaxud bu istiqamətdə ciddi tədqiqatlar yoxdur ki, hansı ixtisaslar üzrə mütəxəssisə ehtiyac var və həmin mütəxəssislər hansı biliklərə və bacarıqlara malik olmalıdır. Yəni, bu gün bizim ən ciddi problemimiz ondan ibarətdir ki, ali təhsil müəssisələri əmək bazarının istəklərindən xəbərsizdir. 

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib. 

Məzunlar əmək bazarından ən azı 10-15 il geri qalırlar

Təhsil ekspertinin sözlərinə görə, bu gün ali məktəblərə qəbul olub, məzun olan şəxslər əmək bazarından ən azı 10-15 il geri qalırlar. Yəni, universitetdə verilən biliklər, formalaşdırılan bacarıqlar köhnədir. İşəgötürənlər isə yeni, müasir bacarıqları tələb edirlər. Təəssüflər olsun ki, bizim ali təhsil müəssisələrimiz  müasir bacarıqları formalaşdımaqda əziyyət çəkirlər. Hesab edirəm ki, bizim universitetlərin bakalavr pilləsi üçün tələb olunan  4 illik müddət çoxdur. Bu, daha az müddət olmalıdır. Bu müddətin  böyük hissəsi hansısa nəzəri biliklərin  formalaşması yox, birbaşa ixtisas üzrə həmin şəxslər əldə etdikləri bilikləri işəgötürənlərin yanında nəzəri öyrəndiklərini, praktik təcrübədən keçirməlidirlər.  Bu zaman o, daha çevik mütəxəssisə çevrilə biləcəkdir və əmək bazarının hansı istəkləri, tələbləri var öncədən biləcək.

İstehsalat və pedaqoji təcrübənin müddəti artırılmalıdır

Kamran Əsədov qeyd edib ki, hazırda yalnız bir neçə ay, bəzən daha qısa müddət ərzində universitetlər tələbələri istehsalat və pedaqoji təcrübəyə göndərirlər ki, bu da yetərli olmur: “Birmənalı şəkildə ali təhsil müəssisələri istehsalat və pedaqoji  təcrübənin həm müddətini artırmalıdırlar, tədris proqramında xüsusi kreditlər verilməlidir. Ali və orta ixtisas təhsil müəssisələri mütəxəssislərini göndərməlidirlər ki, həmin iş yerlərində daha dərindən təcrübə keçsinlər. İşəgötürənlər məzunlardan iş stajı istəyirlər. Buna görə də ali təhsil müəssisələri tələbələrinin təcrübə keçdikləri müddət onların stajı kimi qəbul olunmalıdır. Əsas problemlərdən biri də odur ki, ali təhsil müəssisələrinin tələbələrinin istehsalat və yaxud da pedaqoji təcrübə keçdikləri müddət onların stajı kimi qəbul olunmalıdır. Hesab edirəm ki, həmin müddət istehsalat və yaxud pedaqoji təcrübə kimi tanınmalıdır ki, gənclərimiz üçün faydalı olsun”.

Yaqut Ağaşahqızı, “İki sahil”